Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış teatr və kino aktyoru, Əməkdar artist Rahib Əliyev 28 mart 2024-cü il tarixində, ömrünün 79-cu ilində vəfat edib.
Rahib Seyidağa oğlu Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. Məktəbli illərindən dram dərnəklərində fəaliyyət göstərib, xalq teatrlarında səhnəyə çıxıb.
Rahib Əliyev 1965-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbə ikən, 1968-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayıb.
Ömrünün sonunadək bu sənət ocağında çalışan aktyor ümumilikdə 70-dən artıq obraza həyat verib. Sənətkarın Markone (“Ovod” – E.Voyniç), Fərzəli bəy (“Nəsrəddin” – Y.Əzimzadə), Qazı (“Danabaş kəndinin məktəbi” – C.Məmmədquluzadə), Bəkdəmirov (“Şirinbala bal yığır” – S.Qədirzadə), Cəbi (“Hacı Qəmbər” – N.Vəzirov), Mirzə Salman (“Mahmud və Məryəm” – Elçin), Babaşov (“Sağlıq olsun” – İ.Məlikzadə), Molla Xudaverdi, Kərəməli (“Hacı Qara” – M.F.Axundzadə), Fərəcov (“Sən həmişə mənimləsən” – İ.Əfəndiyev), Ancelo, Mer (“Səhvlər komediyası”, “III Riçard” – V.Şekspir), Şeyx Əbuzər (“Şeyx Sənan” – H.Cavid), Mister Sauyrberi (“Oliver Tvistin macəraları” – Ç.Dikkens) və s. obrazları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Rahib Əliyev səhnə xadimi kimi tanınsa da, 10-dan artıq filmdə də (“Ulduzlar sönmür", “Yol əhvalatı”, “Yaramaz”, “Qətl günü”, “Güllələnmə təxirə salınır!”, “Cavid ömrü”, “Axırıncı dayanacaq” və s.) çəkilib.
Sənətkar 2006-cı ildə “Əməkdar artist” fəxri adına, 2018-ci ildə “Tərəqqi” medalına layiq görülüb. Dəfələrlə Prezident mükafatçısı olub.
Allah rəhmət eləsin.