Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə – UNESCO-nun mənzil-qərargahında qurumun rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçirib.
Martın 21-də UNESCO Baş Konfransının prezidenti xanım Simona Mikulesku və İcraiyyə Şurasının sədri xanım Vera Lakulye ilə keçirilən görüşlərdə Azərbaycanın ümumbəşəri mədəni irsin qorunması üzrə milli, regional və beynəlxalq səviyyələrdə fəaliyyətinə dair müzakirələr aparılıb.
Bu xüsusda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə xalqımızın zəngin maddi və qeyri-maddi mədəni irsinin qorunması, təbliği sahəsində əldə olunan nailiyyətlərdən bəhs edilib. Həmçinin dövlətimizin başçısının təşəbbüsü ilə 2008-ci ildən etibarən başladılan “Bakı Prosesi” qlobal platformasının mədəniyyətlərarası dialoqun təşviqi vasitəsilə beynəlxalq səviyyədə sülh və təhlükəsizliyə xüsusi töhfə verdiyi qeyd edilib. Bu çərçivədə Azərbaycanın Dünya Mədəniyyətlərarası Dialoq Forumuna beş dəfə (2011, 2013, 2015, 2017, 2019) ev sahibliyi etməsi UNESCO rəsmiləri tərəfdən yüksək qiymətləndirilib və bu il 1–3 may tarixlərində keçirilməsi nəzərdə tutulan VI Foruma dəstək ifadə olunub.
Martın 22-də təşkilatın baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramos və baş direktorun Prioritet Afrika və xarici əlaqələr üzrə müavini Entoni Ohemeng-Boama ilə keçirilən görüşlərdə UNESCO-Azərbaycan əməkdaşlığı barədə fikir mübadiləsi olub.
Bu çərçivədə ölkəmizin UNESCO-nun irimiqyaslı tədbir və layihələrinin, o cümlədən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyasının (2013), Dünya İrs Komitəsinin 43-cü sessiyasının (2019), MİNEPS – İdman Nazirlərinin VII Görüşünün (2023) və Mədəniyyətlərarası Dialoq forumlarının (2011–2019) təşkilatçısı və təşəbbüskarı qismində fəaliyyəti xüsusi təqdir edilib. Azərbaycanın Afrika ölkələrinə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə verdiyi dəstəyin böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Görüşlərdə həmçinin UNESCO-nun İpək Yolları Proqramı, elmi araşdırmalar və nəşrlər üzrə əməkdaşlıq kimi istiqamətlər də nəzərdən keçirilib.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarix-mədəniyyət abidələrinin bərpası istiqamətində fəaliyyət, eyni zamanda işğal dövründə dağıdılmış və talan edilmiş mədəni irsimizlə bağlı UNESCO mexanizmləri çərçivəsində fəaliyyətlər diqqətə çatdırılıb.
Söhbətlər zamanı Bakıda keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ətrafında da fikir mübadiləsi aparılıb.