Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə tədbir təşkil edilib.
Kitabxanadan bildirilib ki, tədbirdə görkəmli dramaturqun həyat və yaradıcılığı haqqında geniş söhbət açılıb.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov qeyd edib ki, 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyan Respublika Gənclər Kitabxanasında mütəmadi olaraq Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli nümayəndələrinə həsr edilən tədbirlər keçirilib. Cəfər Cabbarlının yubileyləri də kitabxanada silsilə tədbirlərlə, müxtəlif layihələrlə qeyd olunub. Direktor görkəmli ədibin 125 illiyi ilə əlaqədar kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazası, biblioqrafiya, kitab sərgiləri, videotəqdimatlar haqqında məlumat verib.
Professor Asif Rüstəmli Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələr haqqında danışaraq, görkəmli dramaturqun xatirəsinin onun ev muzeylərində və Gənclər Kitabxanasında yaşandığını söyləyib.
Professor Tahirə Məmməd Cəfər Cabbarlının XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olduğunu, daim yenilik və müasirlik uğrunda mübarizə apardığını, heç bir halda əqidəsindən, amalından dönmədiyini bildirib.
Professor İsmayıl Məmmədov Cəfər Cabbarlının bədii, publisistik yaradıcılığının çoxşaxəli, mövzu etibarilə rəngarəng, əhatəli və dərin məzmunlu olduğunu deyib. O, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin əməkdaşları tərəfindən hazırlanan “Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti” kitabı haqqında məlumat verib, lüğətdə verilən hər bir sözün dramaturqun dilində əks etdiyi mənaların doğma dilimizin ifadə imkanlarını daha da genişləndirmək baxımından dəyərli olduğunu söyləyib.
Cəfər Cabbarlı adına ev-muzeyinin rəhbəri Qəmər Seyfəddinqızı Cəfər Cabbarlının 125 illik yubileyi çərçivəsində keçirilməsi nəzərdə tutulan yerli və beynəlxalq tədbirlər, layihələr, səhnələşdiriləcək tamaşalar haqqında məlumat verərək, “Cəfər Cabbarlı mükafatı”nın verilməsinin bu ildən bərpa olunacağını qeyd edib.
Tədbirdə Bakı Dövlət Universitetinin “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələrinin Cəfər Cabbarlının şeirlərindən ibarət kompozisiyası və kitabxana əməkdaşları tərəfindən hazırlanan “Varlığında bir dünya çırpınan sənətkar” adlı videomaterial nümayiş etdirilib.