Məlum olduğu kimi, TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 2022-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən 39-cu dönəm toplantısında Türkmənistanın Anev şəhəri 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Anev şəhəri ötən ilin sonunda bu missiyanı Azərbaycanın Şuşa şəhərindən təhvil aldı.
2015-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən Mərvdən sonra ikinci dəfə “mədəniyyət paytaxtı” estafetini öz üzərinə götürən Türkmənistanda möhtəşəm açılış tədbirləri keçirilib.
Martın 26-da Türkmənistan Mədəniyyət Nazirliyinin ev sahibliyi ilə Ahal vilayətinin Akbuğda qəsəbəsində düzənlənən “Anev – 2024: Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimində Türk dünyasının müxtəlif yerlərindən gələn rəsmilər, mədəniyyət, incəsənət və elm adamları iştirak ediblər.
Açılışda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.
Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev Anev şəhərinin və bu torpaqların türkmən xalqının müqəddəs vətəni, böyük türkmən tarixinin və bənzərsiz mədəni irsinin mərkəzi olduğunu vurğulayıb. Bildirib ki, bu il TÜRKSOY tərəfindən böyük türkmən şair və mütəfəkkiri Məhdimqulu Fəraqinin 300 illiyi münasibətilə “Məhdimqulu Fəraqi ili” elan olunub.
Açılış tədbirləri çərçivəsində 9 ölkədən gələn 600-dən çox sənətçi qardaş türk xalqlarının rəngarəng rəqs və musiqilərini təqdim edib.
Açılış mərasimindən sonra martın 27-də Türkmənistan Mədəniyyət Nazirliyi, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası (BTA) və Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) təşkilatçılığı ilə “Qədim Anev sivilizasiyası” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev bildirib ki, tarixi İpək Yolu üzərində yerləşən və son dərəcə əhəmiyyətli bir coğrafiyada qərar tutan Anev, tarixin hər dövründə dünya sivilizasiyasının beşiklərindən olub: “Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı təsiri ilə ümumbəşəri ölçü qazanan bu şəhər təkcə türkmənşəli tayfalara deyil, bir çox fərqli sivilizasiyalara da ev sahibliyi edib. Belə zəngin mədəni irsə malik qədim Anev şəhərini də dünyaya təqdim etmək TÜRKSOY-un ən mühüm missiyasıdır”.
Konfransda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Mehmet Sürəyya Ər, BTA-nın prezidenti Şahin Mustafayev və TMİF-in prezidenti Aktotı Raimkulova çıxış ediblər.
Tədbirlər 15 ölkədən 70-dən çox media nümayəndəsinin iştirakı ilə keçirilən “Türkmən diyarı – qədim mədəniyyətlər mərkəzi” adlı beynəlxalq media forumu ilə davam edib. Anev şəhərinin 2024-cü il “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və Məhdimqulu Fəraqinin 300 illiyi münasibətilə Aşqabadda düzənlənən forum Türkmənistanın media sahəsində təşkil etdiyi ən əhatəli tədbirlərdən biri olub.
Media forumunda çıxış edən Sultan Raev türk sivilizasiyasına və onun mərhələlərinə toxunub: “Türk sivilizasiyası dünya sivilizasiyasının tərkib hissəsidir. Türk xalqları bəşəriyyətin inkişafının ilk mərhələsindən istər qədim qayaüstü rəsmlər, istərsə də Orxon yazıları vasitəsilə elm və fəlsəfənin, ədəbiyyat və riyaziyyatın, tibb və astronomiyanın inkişafına səbəb olmuşdur. Tarixdə ilk böyük dünya imperiyalarını və xaqanlıqlarını məhz türklər qurmuşlar. Türk mədəniyyəti qədim Şuşanın mənəvi sərvətlərindən qidalanıb, Böyük Çöl, Tyan-Şan dağları, İssık-Kulda formalaşıb, Səmərqənd, Buxara kimi böyük sivilizasiyaların ocağında möhkəmlənib, eləcə də Xivə, Mərv və Anev kimi qədim şəhərlərdə oturuşub. Türk mədəniyyəti qədim dövrlərdən bəri Göytürk Dövlətinin sərhədlərindən Anadoluya və Adriatik dənizinə qədər uzanan böyük bir coğrafiyanı əhatə edib”.
Türk dünyasının önəmli şəxsiyyətlərinə də toxunan baş katib qeyd edib ki, Nizami Gəncəvi, Yunus Əmrə, Əlişir Nəvai, Abay, Məhdimqulu Fəraqi, Çingiz Aytmatov kimi böyük şəxsiyyətlərin adlarını qürurla çəkə bilərik: “Türk dünyasının türkülərində, şeirlərində, sözlərində bu böyük insanların səsini eşidirik. Bu, Türk dünyasının səsidir. Bu, əbədiyyətin səsidir”.
Konfrans çərçivəsində “Media vasitəsilə birlik: Türk dünyasından baxışlar”, “Məhdumqulu Fəraqinin yaradıcılığı və dünya ədəbiyyatı”, “Xəbərlər, internet saytları, süni intellekt – sosial şəbəkələrin inkişafı və rolu” adlı sessiya-panellər keçirilib.
Xatırladaq ki, “Anev – 2024: Türk dünyasının mədəniyyət paytaxtı”ı çərçivəsində tədbirlər ilboyu davam edəcək.
Mehparə Sultanova
Ankara