Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb.
Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında hadisələrin tarixinə xronoloji ardıcıllıq ilə nəzər salınıb, soyqırımının acı nəticələri haqqında tarixi faktlar, rəsmi sənədlər təqdim olunub.
Məlumat bazasında Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi qiymətin verilməsi və ermənilərin azərbaycanlılara qarşı soyqırımı törətməsinin ilk dəfə rəsmi bəyan edilməsi yer alıb.
Həmçinin ölkəmizdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün dövlət səviyyəsində qeyd edilməsi haqqında məlumat, Prezident İlham Əliyevin Quba Soyqırımı Memorial Kompleksinin açılışında söylədiyi nitqin tam mətni təqdim edilib.
Kitabxana əməkdaşlarının hazırladığı elektron məlumat bazasında mart hadisələrinin göstərildiyi bədii əsərlər haqqında məlumatlar, bu mövzuda qələmə alınan kitab və dövri mətbuat məqalələri nümayiş olunub. Burada faciəyə həsr edilən “Soyqırımı yaddaşlarda”, “Kütləvi repressiyalar”, “Filmoqrafiya”, “Foto və videoqalereya”, “Virtual kitab sərgisi ” bölmələri də mövcuddur.
“31 Mart unudulmayan tarix” adlı virtual kitab sərgisində isə “31 Mart tariximizin faciəli səhifəsi”, “Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı”, “Şamaxı: 100 il. Tam məxfi qrif”i altında”, “1918. Azərbaycan qırğınları şəkil və sənədlərdə”, “Qanlı günlərimiz” kimi kitabların qısa annotasiya ilə yanaşı, dövri mətbuat nümunələri də sərgilənir.