Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının növbəti nümayişi görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin (1914–1973) anadan olmasının 110 illiyinə həsr edilib.

Tamaşadan əvvəl Əməkdar artist Əkbər Əlizadə böyük sənətkarın həyat və yaradıcılığı barədə danışıb, vaxtilə onun bu məkanda Məşədi İbad obrazında səhnəyə çıxdığını vurğulayıb.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Məmmədova, rejissor assistentləri Sevinc Məmmədova və Elməddin Dadaşovdur.

Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Hüseyn Əlili, Şaban Cəfərov, Aydan Həsənova, Elməddin Dadaşov, Təranə Əliyeva və başqaları rola alıblar.