AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru Tufan Axundov vəfat edib.

1948-ci il noyabrın 26-da Bakı şəhərində anadan olan T.Axundov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. “Şimal-şərqi Azərbaycanın yaşayış məntəqələrinin tarixi topoqrafiyası və məskunlaşma sistemi” mövzusunda namizədlik (fəlsəfə doktorluğu), “Şimal-qərbi Azərbaycan Eneolit və Tunc dövrlərində” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Azərbaycan arxeologiyasında cəmiyyətin inkişaf dinamikasının ətraf mühitin inkişaf qanunları ilə əlaqəli təhlilinə əsaslanaraq abidələrin mövcudluğunun əvvəlcədən proqnozlaşdırılması, şimal-qərbi Azərbaycanda arxeoloji ənənələrin inkişaf mərhələlərinin müəyyənləşdirilməsi, Cənubi Qafqazda Tunc dövrü yeni arxeoloji ənənəsinin əsaslandırılması, Qafqazın ən qədim metallurgiyasının faktiki sübutlarının aşkarlanması alimin elmi fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

T.Axundovun iştirakı ilə Alxantəpə və Polutəpə abidələri kəşf edilib, onun Alxantəpəyə aid 735 səhifəlik kitabı çap olunub. Alim həmçinin 100-dən çox elmi əsərin, “Təlatümlü illər”, “Alxantəpə yaşayış yeri – Leylatəpə ənənəsi”, “Qafqaz sivilizasiyasının başlanğıcı. Azərbaycan neoliti. İkinci kitab: Qarabağ neolit ənənəsinin abidələri”, “Azərbaycan torpağına türbət demişəm” kimi kitabların müəllifidir.

Allah rəhmət eləsin.