Azərbaycan Milli İncəsənət Muzeyində Xalq yazıçısı Elmira Axundovanın “Ən böyük dissident elə mən özüm olmuşam! Heydər Əliyev və yaradıcı ziyalılar” (rus dilində) adlı ikicildliyin təqdimatı keçirilib.

Martın 29-da keçirilən təqdimat mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq yazıçıları Anar, Kamal Abdulla, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Xalq artistləri Rasim Balayev, Xuraman Qasımova, Xalq rəssamı Fərhad Xəlilov və başqa qonaqlar iştirak ediblər.

Elmira Axundova Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ikicildlik üzərində iş prosesindən bəhs edərək deyib: “Bir çox dillərə tərcümələri də nəzərə alsaq, mənim 50-dən çox kitabım çap olunub. İndi təqdim olunan kitablar Ulu öndərin 100 illiyinə həsr edilib. Bu, çox əhatəli mövzudur. Anar müəllim, Kamal Abdulla və başqaları da bu mövzuda yazıblar. Amma mən onların hamısını birləşdirmək qərarına gəldim. Bu nəşrlər Heydər Əliyev irsinin öyrənilməsində geniş və bilinməyən yeni səhifələri açır”.

Digər çıxış edənlər E.Axundovanın Heydər Əliyevə həsr olunan əsərlərinin dahi siyasətçinin irsinin öyrənilməsi baxımından dəyərli mənbə kimi səciyyələndiriblər. Vurğulanıb ki, Heydər Əliyev yaradıcı insanlara həmişə xüsusi hərarətlə yanaşır, onların problemləri ilə maraqlanır, diqqət və qayğısını əsirgəmirdi. Heydər Əliyevin uzaqgörənliyi və Azərbaycana sonsuz məhəbbəti sayəsində milli musiqimizin şöhrəti dünyanı dolaşıb.

Diqqətə çatdırılıb ki, Ulu öndərin hakimiyyəti illərində ölkəmizdə mədəniyyət sahəsinin bütün istiqamətləri inkişaf edib. O, mədəniyyətin inkişafında xidmətləri olan yaradıcı ziyalıların əməyini yüksək qiymətləndirib.

Tədbirdə Xalq artistləri Murad Adıgözəlov, Xuraman Qasımova və digər mədəniyyət xadimləri musiqilər ifa ediblər.

Qeyd edək ki, ikicildlikdə Ulu öndər tərəfindən əməyi yüksək qiymətləndirilən görkəmli mədəniyyət xadimləri ilə söhbətlər dərc olunub. Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində yaradıcı şəxslər, ziyalılarla olan yaxın, səmimi münasibətlərindən bəhs edən kitabın birinci cildi “Aranızda ən böyük dissident mən olmuşam!” adlı geniş bədii-publisistik essedən ibarətdir.

İkinci cilddə isə görkəmli dövlət xadimi ilə şəxsən tanış olan ədəbiyyat və incəsənət nümayəndələrinin, ziyalıların xatirələri yer alıb. Burada Tahir Salahov, Ömər Eldarov, Müslüm Maqomayev, Anar, Elçin, Fərhad Bədəlbəyli, Fidan və Xuraman Qasımova bacıları, Fərhad Xəlilov və digər müxtəlif mədəniyyət sahələrini təmsil edən məşhur şəxslərlə 24 söhbət əksini tapıb.

Bu mükalimələrdə oxuculara təkcə Heydər Əliyevin obrazı və ya müəyyən digər xarakter cizgiləri deyil, həm də söhbətlərin müəlliflərinin özlərinin də bilinməyən tərəfləri təqdim edilir.