М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor – Əməkdar artist Fuad İbrahimov) konserti keçirilib.
Martın 29-da təşkil olunan konsertdə solist Anar Bramo (violin) çıxış edib. Proqramda J.Brahmsın “Joseph Haydn mövzusuna variasiyalar”, M.Bruchın “Violin və orkestr üçün 1 saylı konsert” (g-moll, op.26), A.Borodinin “Knyaz İqor” operasından “Qıpçaqların rəqsi” və s. əsərlər səsləndirilib.
Anar Bramo 1981-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında B.Mehdiyevin sinfində təhsil alıb. 2002-ci ildən təhsilini Almaniyanın Folkvanq İncəsənət, eləcə də Köln Musiqi və Rəqs universitetlərində davam etdirib. 2010–2016-cı illərdə Almaniyada Südwestfalen Filarmonik Orkestrinin köməkçi konsertmeysteri vəzifəsində çalışıb. 2020-ci ildən Almaniyada Attendorn Kamera Orkestrinin baş dirijoru və Oberberq Simfonik Orkestrinin dirijorudur. Tez-tez dünyanın müxtəlif ölkələrində orkestrlərlə çıxışlara və müxtəlif festivallara solist kimi dəvət olunur. 2020-ci ildə yazdığı “Şuşa” mahnısı Heydər Əliyev Fondunun dəstəyi ilə lentə alınaraq Azərbaycanda və Berlində təqdim edilib.
A.Bramo 2023-cü ildə Buxarest beynəlxalq dirijorluq müsabiqəsinin finalçısı və xüsusi mükafatın sahibi olub.