Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən “Aşıq dastanları” adlı çoxcildlik antologiya nəşrə hazırlanır. Antologiyanın ilk cildi yaxın günlərdə çap olunacaq.

Bu barədə AAB-nin katibi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib. Bildirilib ki, nəşrin məqsədi klassik aşıq dastanlarının çağdaş aşıqların repertuarında hansı səciyyədə yaşadığını və gələcəyə daşındığını göstərməkdir. Təqdim olunan dastanlar son illərdə ustad aşıqların dilindən və repertuarından yazıya alınıb. Təqribən otuza yaxın dastanın yer alacağı bu antologiyada XXI əsrin ilk rübündə saz-söz aləmində xidmətləri olan Arif Əsgərov, Hüseyn Qoşqarlı, Məmməd Bozalqanlı, Ürfan Əli, Nəbi Nağıyev, Nazim Bahadıroğlu, Elbrus Hüseynov, Şöhrət Kərimov, Elməddin Məmmədli, Ağamurad Şirvanlı, Elman Talıstanlı, Babək Şakirli, Şəhriyar Qaraxanlı və başqalarının söylədikləri dastanlar canlı ifadan yazıya alınaraq lüğət və şərhlərlə birlikdə oxuculara təqdim olunacaq. Antologiyanın birinci cildində doqquz dastan yer alır.

Saz-söz ictimaiyyətinə, aşıqşünas, musiqişünas və folklor araşdırıcılarına dəyərli töhfə olacaq antologiyanı hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfi doktoru, dosent Altay Məmmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır. Nəşrin elmi məsləhətçisi Məhərrəm Qasımlıdır.