İstanbulun Fatih Rayon Bələdiyyəsinin kitabxanaları tərəfindən 7-10 aprel tarixlərində “Mədəniyyət, sənət və həyat” adlı konqres-festival keçirilib.

Hüseyn Cavidin Ev-Muzeyinin aparıcı elmi işçiləri, filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfzadə və filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəcəfova tədbirdə iştirak ediblər.

Azərbaycanlı alimlər Fatih Bələdiyyəsinin Kadırğa kitabxanasında mədəniyyət işçiləri və oxucularla keçirilən görüşə də qatılıblar. Onlar dahi şair-dramaturq Hüseyn Cavidin əsərlərinin və ədibin ev-muzeyinin ərsəyə gətirdiyi kitabların Fatih Bələdiyyəsi kitabxanalarının kataloqunda necə əksini tapdığı, Cavidin hansı əsərlərinin fondlarda mövcud olması və bu nəşrlərdən istifadə edilmə intensivliyi barədə məlumat alıblar.

Həmçinin Hüseyn Cavidin Ev-Muzeyi tərəfindən nəşr edilən kitablar Fatih Bələdiyyəsi Mərkəzi Kitabxanasına hədiyyə olunub. Həmin nəşrlər İstanbulda yeni yaradılan və yaxın zamanlarda istifadəyə veriləcək Darüşşafaka Kitabxanasının fonduna daxil ediləcək.