24-27 aprel tarixlərində Bakıdakı Nizami Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək.
Rusiya Xarici İşlər Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi, Bakıdakı Rus Evinin də dəstək verdiyi layihənin prodüseri Rusiyanın Əməkdar mədəniyyət işçisi Yelena Lebedevadır.
Bu il “Azərbaycanda Rusiya kinosu günləri”nin proqramına dörd yeni tammetrajlı filmin nümayişi, filmlərin müzakirəsi və ekran əsərlərini təmsil edən artistlərlə yaradıcılıq görüşləri daxil edilib.
Aprelin 24-də açılış günü rejissor Nikolay Lebedevin “Nürnberq” filminin nümayişi keçiriləcək. Kinolent 1945-ci ildə Nürnberqdə keçirilən Beynəlxalq Hərbi Tribunalın işə başlamasından əvvəl iki gəncin görüşündən bəhs edir. Onların arasında yaranan sevgi böyük sınaqlarla üzləşəcək.
“Qağayı” filmini (25 aprel) rejissor və ssenarist, Vladimir Mayakovski adına Teatrın aktrisası Polina Lazareva təqdim edəcək. Film iki gənc qız və orta yaş böhranı keçirən uğurlu bir yazıçı arasındakı sevgi üçbucağına həsr olunub.
Aprelin 26-da iki filmin nümayişi keçiriləcək. Tamaşaçılara rejissor Qriqori Vojakinin “Çink: Quyruqlu detektiv” cizgi filmi və Georgi İlyinin “Partizan meşəsinin xəzinələri” filmi təqdim olunacaq. Film 1941-ci ilin iyununda alman işğalçılarının kiçik sərhəd şəhərlərinə və qəsəbələrinə girərək mülki insanlara divan tutmasından bəhs edir.
“Rusiya kinosu günləri” aprelin 27-də baş rolun ifaçısı, Arkadi Raykin adına Rusiya Dövlət “Satirikon” Teatrının aktyoru Aleksey Bardukov tərəfindən təqdim ediləcək “Xokkey ataları” filminin (rejissor Andrey Bulanov) nümayişi ilə başa çatacaq.
Tədbir çərçivəsindəki kinolayihələrin aparıcısı aktrisa Polina Neçitaylodur.