UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi Haaqada (Niderland) klassik musiqi konserti ilə qeyd olunub.

Haaqanın qədim Nieuve Kerk kilsəsində təşkil olunmuş konsertdə ölkəmizin Niderland Krallığındakı səfiri Rəhman Mustafayev çıxış edərək UNESCO Milli Komissiyasının yaradılması, ölkəmizin zəngin mədəniyyəti, dünya mədəniyyətinə töhfəsi barədə danışıb. Azərbaycanın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş irs nümunələri, o cümlədən muğam sənəti, tar və kamança kimi milli alətlər haqqında məlumat verən səfir Azərbaycan bəstəkarlarının dünya musiqi mədəniyyətinin zənginləşdirən yaradıcılığından da söz açıb.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Proqram Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından musiqi ilə başlayıb. Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova, Nərgiz Əliyeva, Ceyla Seyidova, eləcə də beynəlxalq müsabiqələr laureatları İbrahim Babayev və Asim Xəlilov Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev və Vasif Adıgözəlovun əsərlərini ifa ediblər.

Tədbirdə Niderland Xarici İşlər Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, Azərbaycan diasporu və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.