Sənədli film nümayiş etdirilib
Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan İrəvanı” adlı sənədli film nümayiş etdirilib.
Ekran əsəri “Fortis Construction” şirkətinin “Fortis Films” layihəsi çərçivəsində ərsəyə gəlib. Təqdimat mərasimində rəsmilər, incəsənət, mədəniyyət, elm xadimləri və digər qonaqlar iştirak ediblər.
Film Gürcüstan Milli Muzeyi Tarix və Etnoqrafiya İnstitutunun direktoru professor Eldar Nadiradzenin “İrəvan xanlığı” kitabı əsasında çəkilib. İrəvan xanlığının tarixi, hökmdarları, İrəvan qalası uğrunda gedən döyüşlər, Azərbaycan tarixində xanlığın rolu barədə ətraflı məlumat verilən kitabda İrəvan xanlığının tarixi ilə bağlı Gürcüstan Milli Muzeyində saxlanılan nadir eksponatların fotoşəkilləri də yer alıb.
Filmin müəllifi Fuad Axundov layihə üzərində iş barədə danışarkən qeyd edib ki, “Azərbaycan İrəvanı” filmi heç bir dərin tarixçilik iddiasında deyil. Burada İrəvan tarixindən təxminən yüz il əvvəlki dövrü ayırmağa çalışmışıq: 1827-ci ildən – İrəvan qalasının rus ordusu tərəfindən alınmasından sonra və 1920-ci ilə, sovetləşməyə qədər.
Müəllifin sözlərinə görə, İrəvanın Erivana, daha sonra Yerevana çevrilməsi Azərbaycan mədəni irsinin məqsədyönlü və planlı şəkildə məhv edilməsi deməkdir: “Bu proses bir əsrlik tarixi əhatə edir. İrəvanda bu irsin ən parlaq abidələrindən biri 1914-cü ildə dağıdılmış Sərdar sarayı idi. Saraydakı əsərlər Tbilisidədir. Məhz buna görə də yaradıcı qrupumuz çəkilişlərin əsas hissəsini Tbilisidə aparıb. Çünki Gürcüstan Milli Muzeyində təkcə Sərdar sarayı ilə deyil, ümumiyyətlə, İrəvan azərbaycanlılarının maddi-mənəvi mədəniyyəti ilə bağlı nadir artefaktlar saxlanılır”.
Fuad Axundov qeyd edib ki, biz ekran əsərini daha çox, vaxtilə bu şəhərin əhalisinin əksəriyyətini azərbaycanlıların təşkil etdiyi dövrə həsr olunan tədqiqat filmi kimi çəkməyə çalışmışıq: “Bu, indi İrəvanda yaşamayan yerli əhalidir. Bildiyiniz kimi, bu tarix uzun müddət unudulub, təhrif olunub. Biz bu film vasitəsilə Azərbaycanın qədim tarixi, mədəniyyəti və ən əsası insan amili üzərindəki pərdəni qaldırmağa çalışmışıq”.
Filmin elmi məsləhətçisi, Gürcüstan Milli Muzeyi Tarix və Etnoqrafiya İnstitutunun direktoru Eldar Nadiradze növbəti dəfə Bakıda olmaqdan məmnunluğunu ifadə edib. O, 20 il Azərbaycanın mədəni irsinin tədqiqatı ilə məşğul olduğunu diqqətə çatdırıb: “Çəkiliş prosesi çox maraqlı və səmərəli keçdi. Oxuduğum materiallar muzeyimizə təxminən 150 il ərzində daxil olub. Lakin bu müddət ərzində Azərbaycanın mədəni irsi faktiki olaraq öyrənilməyib. Eyni zamanda, Azərbaycan xalqının bu mədəniyyətin yaradılmasında iştirak dərəcəsi aydınlaşdırılmayıb. Bütün bunları Azərbaycanın tarixi və mədəni irsinə həsr olunmuş dörd kitabımda əks etdirməyə çalışmışam. Bu işlər əsasında mən belə bir nəticəyə gəlmişəm ki, Azərbaycan xalqı dünya sivilizasiyasının xəzinəsində görkəmli yer tutan möhtəşəm mədəni irsin yaradıcısıdır”.
Sonra film nümayiş olunub.
Ekran əsəri İrəvan xanlığının və İrəvan qalasının, demək olar ki, tamamilə məhv olunmuş Azərbaycan mədəni, tarixi və insan amili irsi ilə birlikdə müasir dövrünün təxminən yüzillik tarixindən bəhs edir.
Sərdar sarayının faciəli tarixi, İrəvan məscidlərinin eyni dərəcədə kədərli taleyi, eləcə də Kərim xan İrəvanskinin timsalında Azərbaycanın zadəgan zümrəsinə mənsub nümayəndələrin taleyindəki dramatik hadisələr Cənubi Qafqazın mühüm mərkəzlərindən birinin unudulmuş tarixi üzərindəki sirli pərdəni aralamağa imkan yaradır.
Filmin rejissoru Mirsadıq Ağazadə, prodüseri Səbinə Uluxanovadır. Film Azərbaycan subtitrləri ilə rus dilində hazırlanıb.