Aprelin 28-də saat 12:00-da Beynəlxalq Muğam Mərkəzində Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin (Avstriya) dosenti, trombon ifaçısı, bəstəkar, aranjimançı Markus Qayzelhartın (Geiselhart) ustad dərsi keçiriləcək.

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, "JIDIR JAZZ" komandası və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi ustad dərsi 30 aprel - Beynəlxalq Caz Günü münasibətilə gerçəkləşəcək.

Ustad dərsində zəngin ənənələri olan Azərbaycan caz sənətində improvizasiya və aranjiman kimi məsələlərə diqqət çəkiləcək. Azərbaycan musiqisində Tofiq Quliyev, Tofiq Əhmədov, Rauf Hacıyev, Rafiq Babayev və Vaqif Musatafazadə kimi musiqiçilər bu sahədə məktəb yaradıb, ənənələr formalaşdırıblar.

Qeyd edək ki, əslən Almaniyadan olan və 2006-cı ildən Vyana şəhərində fəaliyyət göstərən musiqiçi bir çox məşhur sənətçilərlə birlikdə böyük layihələrə rəhbərlik edib. O, hazırda "mdw Big Band", "Don Ellis Tribute Orchestra", "Markus Gieselhart Orchestra" kimi tanınmış caz orkestrlərinin rəhbəridir.

Peşəkar və həvəskar musiqiçilər, müəllimlər, incəsənətin müxtəlif sahələrində fəaliyyət göstərənlər və musiqi həvəskarları üçün nəzərdə tutulan ustad dərslərinə giriş sərbəstdir.