Beynəlxalq Rəqs Günü münasibətilə aprelin 29-da Balakən rayon Mədəniyyət Mərkəzində “Birlikdə rəqs edək” adlı müsabiqə keçirilib. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin dəstəyi ilə reallaşan müsabiqədə 3 nominasiya üzrə 85 yeniyetmə və gənc rəqs bacarığını nümayiş etdirib.

Fərdi ifaçıların və rəqs qruplarının çıxışlarını tərkibinə xoreoqrafların da daxil olduğu münsiflər heyəti qiymətləndirib. Müsabiqədə ilk üç yeri tutanlara kubok və diplomlar, digər iştirakçılara həvəsləndirici diplomlar verilib.

***

Beynəlxalq Rəqs Günü münasibətilə Şəki şəhər Heydər Əliyev Mərkəzində “Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert keçirilib. Şəki-Zaqatala RMİ-nin tabeliyində fəaliyyət göstərən Şəki şəhər Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan konsertin proqramına milli rəqslərimizlə yanaşı, müxtəlif xalqların, həmçinin ölkəmizdə yaşayan azsaylı xalqların rəqs nümunələri də daxil edilib. “O olmasın, bu olsun” filmindən “qız toyu” səhnəsi, “Qayınana”, “Əhməd haradadır?” filmlərindən səhnəciklər də tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonda konsertin iştirakçılarına fəxri fərmanlar təqdim olunub.

N.Məmmədli