Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin (1885–1948) həyat və yaradıcılığı haqqında çoxsaylı nəşrlər işıq üzü görüb. Üzeyir bəy elə bir zəngin mədəni-elmi, publisistik irs yadigar qoyub ki, bundan sonra da neçə-neçə nəşrlərin mövzusuna çevriləcək.
Ötən il böyük musiqi xadimi haqqında olan ədəbiyyatların sırası daha bir nəşrlə zənginləşib. Sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin “Üzeyir Hacıbəyli təsviri sənətdə” kitabı işıq üzü görüb. Üzeyirşünaslığa dəyərli töhfə olan kitab 2023-cü ilin 18 sentyabr tarixində Üzeyir bəyin anadan olmasının 138-ci ildönümü münasibətilə bəstəkarın Bakıdakı ev-muzeyində keçirilən tədbirdə təqdim olunmuşdu.
Kitabın layihə rəhbəri Tural Axundov, məsləhətçisi ev-muzeyin direktoru Xalq artisti Sərdar Fərəcov, redaktoru Aslan Xəlilov, dizayneri Təhmasib Mehdiyevdir.
Nəşrdə həm Ü.Hacıbəylinin müxtəlif rəssamlar tərəfindən işlənmiş portretləri, həm əsərlərinin bədii qəhrəmanlarının obrazları, eləcə də heykəltaraşlıq nümunələri, barelyeflər, medallar, dekorativ-tətbiqi sənətdə təcəssüm tapan obrazlar, xalçalar və s. haqqında məlumat yer alıb. Əslində, Ziyadxan Əliyevin bu kitabı bütövlükdə üzeyirşünaslıqda yeni bir səhifədir desək, heç yanılmarıq. Böyük səbirlə, həvəslə, zövqlə muzeylərdən, rəssamların emalatxanalarından, şəxsi kolleksiyalardan əsərlərin və onların haqqında məlumatın toplanılması asan deyil. Çünki bəzən naməlum müəllifin kimliyini təyin etmək və ya hər hansı bir rəsm əsərinin sorağına düşüb onu yeni kitaba salmaq üçün əsl “detektiv” kimi səy göstərməsi müəllifin çəkdiyi zəhmətin miqyasını əks etdirir.
Məlumdur ki, Ü.Hacıbəylinin naturadan portretini ilk dəfə SSRİ Xalq rəssamı Mikayıl Abdullayev çəkib. 1943-cü ildə Moskvada Rəssamlıq Akademiyasında təhsil alan gənc M.Abdullayev qış tətilində Bakıya gəlir. O zaman Dövlət Teatr Muzeyinin direktoru Sona Cabbarlı muzeydə nümayiş etdirməkdən ötrü M.Abdullayevə Ü.Hacıbəylinin portretini işləməsini xahiş edir. Təvazökar insan olan Üzeyir bəy əvvəlcə bu təklifə razı olmur, Sona xanımın təkrar xahişindən sonra o, gənc rəssamı qəbul edir. Qısa zamanda diqqətəlayiq bir sənət əsəri yaranır. Portreti bəyənən Ü.Hacıbəyli onu özündə saxlayır və gənc rəssam daha yeni bir portret işləməyə məcbur olur. Bu portretlər çox məşhurlaşır və tezliklə Moskvada sərgilənir. Bununla, Üzeyir bəy obrazına maraq artıq. Rəssamlar, heykəltaraşlar, xalçaçı-rəssamlar ona müraciət edirlər.
Bu gün Üzeyir bəyin obrazını yaradan yüzlərlə rəssam var. Bunların arasında Tahir Salahov, Nəcəfqulu İsmayılov, Tofiq Kərimov, Arif Hüseynov, Hüseyn Hacıyev, Ənvər Əliyev, Yaşar Səmədov, Altay Hacıyev və başqalarının adlarını çəkə bilərik.
Doğrudan da, kitabı vərəqləyərkən bizim istedadlı rəssam və ustaların sənətinə və Üzeyir bəyə olan sevgi və rəğbətlərinə valeh olmamaq mümkün deyil.
Xalq rəssamı Oqtay Şıxəliyevin 220 mərmər parçası ilə Florensiya mozaikası texnikasında yaratdığı portret tamaşaçıları öz cazibəsində saxlayır. Ağacoyma ustası Seyfəddin Mənsimoğlunun “Üzeyir Hacıbəyli” bədii lövhəsi də yüksək sənət nümunəsidir. Kitabda oxucuları valeh edəcək çoxlu sayda təsviri sənət nümunələri vardır.
Bir daha qeyd edirəm ki, “Üzeyir Hacıbəyli təsviri sənətdə” kitabı Üzeyir bəyi sevənlərə, onun irsinə maraq göstərənlərə gözəl ərməğan olmaqla bərabər, həm də böyük zövq, sevinc və bilgi mənbəyidir.
Selcan Heydərova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin böyük elmi işçisi