Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə İnstitutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovun “Əlyazma abidələri: ənənə və müasirlik” adlı monoqrafiyası işıq üzü görüb.

Mütəxəssislər üçün nəzərdə tutulmuş, əsas mövzusu və məqsədi əlyazma abidələrinin tədqiqinə, mühafizə və bərpasına, istifadəsinə ənənəvi və müasir elmi münasibəti, yanaşmaları öyrənib araşdırmaq, alınan nəticələri təhlil edib ümumiləşdirmək olan kitabda əlyazma abidələrinin mədəniyyət tarixindəki yeri və rolundan, onlara mənfi və müsbət antropogen təsirlərdən, qədim əlyazmalarla iş sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının, süni intellektin, qamma radiasiyasının tətbiqindən və s. bəhs edilmişdir.

Qeyd edək ki, yeni nəşrin elmi məsləhətçisi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, texniki redaktoru Alik Xankişiyevdir.