Tarixdə elə şəxsiyyətlər var ki, onlar özləri üçün deyil, təmsil etdikləri xalqa, hətta bütün bəşəriyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün dünyaya gəlirlər. Onlar nəinki sağlığında, öləndən sonra da insanlara xeyir verirlər.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin bu fikrini onun özünə şamil etmək olar. Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. Özündən sonra dünya musiqi xəzinəsinə böyük miras qoyan bəstəkarın əsərlərini qardaş ölkəmiz Türkiyənin media resursları ilə də geniş kütləyə təqdimetmə imkanımız var.
Bunu 2024-cü ildən “TRT Türkü” radiosunda yayımlanan "Azərbaycan rüzgarı" adlı proqramın müəllifi və aparıcısı, İstanbul Universitetinin doktorantı Səidə Ömər söyləyib.
O bildirib ki, "Azərbaycan rüzgarı" proqramının əsas hədəflərindən biri Azərbaycan musiqisinin zənginliyini Türkiyə cəmiyyətinə çatdırmaqdır. Proqramda müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu olmuş, milli bəstəkarlıq məktəbinin təməlini qoymuş Üzeyir Hacibəylinin əsərlərinə sıx-sıx yer verilir. Ötən həftə isə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən xüsusi buraxılış həyata keçirildi. Proqram əsnasında bəstəkarın əsərləri haqqında dinləyicilərə məlumat verildi və əsərləri səsləndirildi.
Qeyd edək ki, “Azərbaycan rüzgarı" həftənin bazar günü “TRT Türkü” radiosunda yerli vaxtla saat 23:30-da (Bakı vaxtilə 00:30) yayımlanır.