Olaylar, faktlar (11 – 16 may)
219 il əvvəl...
14 may 1805-ci ildə Rusiya-İran müharibəsi (1804–1813) gedişində birinci Kürəkçay (indiki Goranboy rayonu ərazisi) müqaviləsi bağlanıb. Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirilib. Çar Rusiyasının Qafqaz qoşunlarının komandanı general Pavel Sisianov və Qarabağ xanı İbrahimxəlil xan tərəfindən imzalanan müqavilədə xan ailəsinə varislik əsasında Qarabağda yerli hakimiyyət vəd edilmişdi. Lakin bir il sonra (1806) İbrahimxəlil xan ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirildi, Qarabağ xanlığı isə 1822-ci ilədək formal mövcud olduqdan sonra ləğv edildi.
212 il əvvəl...
16 may 1812-ci ildə Rusiya-Türkiyə (Osmanlı) müharibəsinin (1806–1812) yekunlarına dair Buxarest sülhü imzalanıb. Bessarabiya (indiki Moldovanın bir hissəsi) Rusiyaya birləşdirilib, Türkiyə isə Valaxiya bölgəsini (Rumıniyanın bir hissəsi) əldə edərək Fransa ilə (Napoleon) ittifaqdan çıxıb. Sonuncu məqam Rusiyanın Fransa ilə müharibədə vəziyyətini qismən yaxşılaşdırdı.
85 il əvvəl...
11 may 1939-cu ildə Uzaq Şərqdə Xalxin-Qol çayı üzərində sovet-monqol və yapon qoşunları arasında döyüşlər başlayıb. Müharibəyə səbəb Yaponiya qüvvələrinin Monqolustanın SSRİ ilə sərhəd bölgələrinə hücumu olmuşdu. Üç aydan çox davam edən döyüşlərdən sonra, avqustun 31-də Yaponiya qüvvələri Monqolustan ərazisini tərk etməli oldular. Yaponiya ilə bağlanan sülh 1941–1945-ci illər müharibəsi dövründə SSRİ-ni Şərq cəbhəsi sarıdan nisbətən arxayın etmişdi.
76 il əvvəl...
14 may 1948-ci ildə İsrail Dövləti yaranıb. BMT-nin 1947-ci ildə qəbul etdiyi 181 saylı qətnaməyə görə, Fələstin üzərində Britaniyanın protektoratlığı ləğv ediləndən sonra orada iki dövlət – yəhudi və ərəb dövlətləri yaranmalı idi. Lakin Britaniya qoşunları çıxan gün Ben Qurionun sədrliyi ilə Yəhudi Milli Şurası birtərəfli qaydada İsrail Dövlətinin yarandığını elan etdi. Buna etiraz edən Misir, İordaniya, Suriya və İraq İsrailə qarşı müharibəyə başladılar.
70 il əvvəl...
14 may 1954-cü ildə Haaqada (Niderland) keçirilən BMT konfransında “Hərbi konfliktlər zamanı mədəni abidələrin qorunması haqqında” beynəlxalq konvensiya imzalanıb.
32 il əvvəl...
14-15 may 1992-ci ildə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verib. 6 mart tarixində Ali Sovetdə istefası qəbul olunmuş Ayaz Mütəllibov mayın 14-də parlamentin qərarı ilə prezident postuna qaytarılıb. Ertəsi gün Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ələ keçirib. A.Mütəllibov Bakını tərk edərək Moskvaya gedib.
30 il əvvəl...
12 may 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş – “Bişkek protokolu” qüvvəyə minib. Tərəflər daha sonra beynəlxalq vasitəçilik sayəsində yekun sülh sazişi imzalamalı idilər. Amma ATƏT-in Minsk qrupu formatında 26 il sürən vasitəçilik nəticə vermədi və 2020-ci ildə Azərbaycan hərb yolu ilə torpaqlarını işğaldan azad etdi.
Hazırladı: V.Orxan