Mustafa Kamal Atatürk “doğum günü”nü türk gəncliyinə ərməğan edib

 

19 may Türkiyə Cümhuriyyətində rəsmi gün – Atatürkü Anma, Gənclik və İdman Bayramıdır. 1919-cu ilin bu günündə, Osmanlı İmperatorluğunun yeddi əsrə yaxın davam edən tarixinin qürubunu yaşadığı bir zamanda, Mustafa Kamal paşanın öndərliyi ilə türk dövlətçilik tarixinin yeni və əbədi səhifəsinin – Türkiyə Cümhuriyyətinin ilk məhək daşı atılıb. Mustafa Kamal 38 yaşında idi: onun 19 ilini XIX əsrdə, 19 ilini XX əsrdə yaşamışdı. İrəlidə ona biçilən ömür payının daha 19 ili vardı. Onun adını tarixə Atatürk olaraq yazacaq illər...

Tale elə gətirib ki, Türkiyə Cümhuriyyətinin qurucusu, dünyanın gəlib-getmiş ən böyük sərkərdə və dövlət xadimləri sırasında yer almış Mustafa Kamal Atatürkün təvəllüd günü tarixə naməlum qalıb. O isə 19 mayı – Türkiyənin qurtuluş və istiqlal savaşını başlatdığı günü özünün doğum günü olaraq xalqına, türk gəncliyinə və bütövlükdə tarixə ərməğan edib. Çünki çökən imperatorluğun xarabalıqları üzərində yeni Türkiyənin doğuluşu həm də onun – Mustafa Kamalın tarix səhnəsində bir lider olaraq doğulduğu gün idi. 

Türkiyə Cümhuriyyətinin qurucusunun ömür yolunun bəzi səhifələrinə nəzər salaq...

O, dünyaya gözlərini açanda Osmanlı əsrlərə hökm etmiş qüdrətini itirməyə doğru gedirdi. Ətrafındakı güclü dövlətlər Osmanlının nəzarət etdiyi geniş coğrafiyanı ələ keçirmək üçün fürsət gözləyirdi. Mustafa Kamal 1881-ci ildə o vaxt Osmanlı İmperatorluğunun tərkibində olan Balkanlardakı Rumeli vilayətində, Selanik şəhərinin (indiki Yunanıstanın Saloniki şəhəri) Qocaqasım məhəlləsində doğulub.

Onun dünyaya gəldiyi və uşaqlıq illərinin keçdiyi ev (indi Apostol Pavel küçəsi, 75) Atatürkün xatirə muzeyidir. Yerli bələdiyyə hələ onun sağlığında bu barədə qərar qəbul etmişdi.

Anası Zibeydə xanımın xatırladığına görə, oğlu Mustafa qış vaxtı, yanvarın əvvəllərində dünyaya gəlib. Lakin bu barədə heç bir rəsmi sənəd yoxdur. Atatürkün ata-anasının vaxtilə Anadoludan Rumelinə köçmüş oğuz türkmənləri soyundan olduğu bildirilir. Atası Əli Rza Əfəndi və anası Zibeydə xanım 1876-cı ildə ailə qurublar. Atası Selanik şəhər Gömrük idarəsində kiçik məmur olub. Mustafadan savayı ailədə daha beş uşaq (üç qız, iki oğlan) dünyaya gəlsə də, onlar kiçik yaşlarında vəfat ediblər.

Mustafa məktəb yaşına gələndə anası onun dini təmayüllü, atası isə müasir təhsil verən məktəbdə oxumasını istəyir. Atasının istəyi kimi olur və Mustafa 1887-ci ildə Selanikdəki Şəmsi Əfəndi ibtidai məktəbinə gedir. 1890-cı ildə atasının xəstəlikdən sonra vəfat etməsi ilə o, məktəbdən ayrılmalı olur. Bir müddət təhsildən kənarda qalan Mustafa hərbçi olmaq arzusuna düşür. Anasının etirazına rəğmən Selanikdə hərbi təmayüllü məktəbə imtahan verir və qəbul olunur.

Burada ilk dünyagörüşü formalaşır. Riyaziyyat müəllimi Mustafa Səbri onun zəki bir yeniyetmə olduğunu görərək bir dəfə yarızarafatla ona “Gəl, sənin adının yanına bir də Kamal adını qoyaq ki, bizi bir-birimizlə səhv salmasınlar”, – deyir. Mustafa razılaşır və o, Mustafa Kamal olur.

1898-ci ildə Mustafa Kamal Selanikdəki məktəbi bitirir və İstanbulda hərbi məktəbə daxil olur. 1902-ci ildə məktəbi leytenant rütbəsi ilə başa vurur. 1902–1905-ci illərdə İstanbul Hərbi Akademiyasında təhsilini davam etdirir. 1905-ci ilin fevralında tam hərbi təhsilini başa vuraraq ilk təyinatını alır, imperatorluğun cənubuna – indiki Suriyanın paytaxtı Dəməşqə göndərilir. Buradakı xidməti dövründə o, Osmanlının ağır durumunu bir daha dərk edir. İmperatorluğun bir çox yerlərində olduğu kimi, burada da dövlət məmurları arasında rüşvətxorluq, dövlət işlərinə laqeydlik baş alıb gedirdi. Nəhəng imperatorluğun belə bir vəziyyətdə idarə olunması onun şüurunda acı izlər buraxır. 

1906-cı ildə Mustafa Kamal bir neçə hərbçi dostu ilə “Vətən və Hürriyyət” adlı gizli cəmiyyət təşkil edirlər. Gənc və ambisiyalı zabitlər dövlətin idarəçiliyini sağlam əsaslar üzərinə qaytarmaq yolları barədə düşünürlər. Eyni vaxtda Mustafa Kamalın Selanikdəki  keçmiş hərbçi yoldaşları da “İttihad və Tərəqqi” cəmiyyətini qurmuşdular. 1907-ci ildə Mustafa Kamal qısa müddətə hərbi xidmətini Balkanlara dəyişir və orada sözügedən iki cəmiyyətin birləşməsi qərara alınır.

1909-cu ildə Osmanlı sarayında çevriliş baş verir, Sultan II Əbdülhəmid taxtdan salınır, V Mehmet padşah elan edilir. Bu çevrilişdə “İttihad və Tərəqqi”də birləşən gənc zabitlərin də rolu olur. Lakin elə bu vaxtdan başlayaraq Mustafa Kamalla cəmiyyətdəki gənc zabitlər arasında fikir ayrılıqları yaranır. Mustafa Kamal cəmiyyətin leqal siyasi təşkilata çevrilməsini və üzvlərinin siyasət və ya hərbi xidmət arasında seçim etməsini təklif edir. Çünki zabitlərin bilavasitə siyasətlə məşğul olması orduda daxili ixtilaflara rəvac verirdi. “İttihad və Tərəqqi”nin rəhbərliyindəki əksəriyyət bunu qəbul etmir.

Mustafa Kamal siyasətdən ayrılaraq hərbi xidmətə üstünlük verir. Bu arada Avropa ölkələrinə hərbi ezamiyyətə göndərilən Mustafa Kamal Osmanlı ordusunun rəqiblərindən nə qədər geri qaldığını bir daha dərk edir. 1912-1913-cü illərin Balkan müharibəsində Osmanlının məğlubiyyəti bu gerçəyi sübut edir. Müharibə nəticəsində Osmanlı altı əsrə yaxın nəzarət etdiyi Balkanları, o cümlədən Mustafa Kamalın vətəni Rumelini itirir.

Balkanlardakı ağır məğlubiyyət ölkədə böyük etiraz doğurur, İstanbuldakı saraydaxili toqquşmalar nəticəsində 1913-cü ilin iyununda Baş nazir Mahmud Şövkət paşa öldürülür, “İttihad və Tərəqqi”nin gənc generalları – Tələt, Ənvər və Camal paşalar hakimiyyəti ələ keçirirlər. Onlar Osmanlının Balkan uğursuzluğunu unutdurmaq üçün yeni hərbi kampaniya barədə düşünür və bu xüsusda Almaniya ilə əsgəri müttəfiqliyi gücləndirirlər. Gerçəkdə isə Birinci Dünya müharibəsində Almaniya ilə müttəfiq olmaq Osmanlı üçün uçurumun kənarına gəlmək idi...

Qeyd etmək lazımdır ki, bilavasitə ordu rəhbərliyində təmsil olunmayan Mustafa Kamal Osmanlının dünya savaşına Almaniya ilə yanaşı girməsinə mənfi baxırdı. Eyni zamanda o görürdü ki, Osmanlı ordusunun rəhbərliyində yer alan alman məsləhətçilər bu dövləti məhvə təhrik edirlər.

1915-ci ilin yazında Çanaqqala döyüşlərinin ilk mərhələsində mayor rütbəli Mustafa Kamalın 19-cu diviziyası misilsiz rəşadət göstərir. Ona polkovnik rütbəsi verilir. 1916-cı ildə, Çanaqqala zəfərinin ardından onu Diyarbəkirdəki ordu komandanlığına, Rusiya ilə savaş cəbhəsinə göndərirlər. Mustafa Kamal hələ yolda ikən ona general – paşa rütbəsinin verildiyini eşidir.

Onun komandanlığı altında 1916-cı ilin avqustunda rus qoşunlarının Diyarbəkir istiqamətində hücumlarının qarşısı alınır, Bitlis və Muş azad edilir. Mustafa Kamal paşa Osmanlının 2-ci ordu (şimal-şərq istiqamətində) komandanı təyin edilir. Lakin digər cəbhələrdəki məğlubiyyət Osmanlının dünya savaşından qalib çıxmasını mümkünsüz etmişdi.

1918-ci il oktyabrın 31-də Osmanlı Mudros sülh müqaviləsini bağlamağa məcbur olur. Osmanlı qoşunları tutduqları bir çox ərazilərdən, o cümlədən Cənubi Qafqazdan çıxır. “İttihad və Tərəqqi” hökumətinin rəhbərləri – Ənvər, Tələt, Camal paşalar isə bir alman gəmisi ilə ölkəni tərk edirlər. Dövlət faktiki olaraq idarəolunmaz vəziyyətə gəlmişdi. Belə bir vaxtda padşah (V Mehmetin vəfatından sonra taxta çıxan sonuncu Osmanlı hökmdarı VI Mehmet – Sultan Vahidəddin) Mustafa Kamala müdafiə naziri və baş komandanlıq postunu təklif edir. Lakin bu, faktiki olaraq iqtidarsız bir hökumətdə təmsil olunmaq demək idi və Mustafa Kamal təklifdən imtina edir.

1919-cu ilin yazında indiki Türkiyənin böyük hissəsi işğal edilmiş, o cümlədən yunan qoşunları Türkiyənin cənub-qərbini ələ keçirmişdilər. İstanbuldakı Osmanlı hakimiyyəti nə dövləti xilas etmək, nə də işğalın qarşısını almaq iqtidarında idi.

Artıq Mustafa Kamalın İstanbuldakı hakimiyyətlə yolları ayrılmışdı. O, yeni Türkiyə, xalqa arxalanan dövlət barədə düşünürdü. 1919-cu il mayın 16-da o, bir qrup silahdaşı ilə “Bandırma” adlı gəmidə İstanbulu gizlicə tərk edərək Samsuna gəlir. Burada mayın 19-da türk xalqının qurtuluş savaşının başladığını elan edir. İstanbul hökuməti ona mane olmağa çalışsa da, Mustafa Kamal paşa 1919-cu ilin iyulunda Ərzurumdan ordudakı vəzifələrindən istefa verdiyini İstanbula bildirir. Həmin il dekabrın 27-də qoşunları ilə Ankaraya gəlib çıxan Mustafa Kamal bu şəhəri Türkiyə dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan etdi.

Yeni Türkiyənin quruluşu Ankaradan başladı. Mustafa Kamal 1920-ci il aprelin 23-də burada Türkiyə Böyük Millət Məclisinin (TBMM) çağırılmasına nail oldu. Məmləkətin idarəçiliyi xalqın iradəsinə, onu təmsil edən TBMM-ə verildi. Ölkədə faktiki ikihakimiyyətlilik – bir tərəfdə iflas etmiş imperatorluq hakimiyyəti, digər tərəfdə isə xalqın iradəsini bir yerə toplayaraq vətəni düşməndən xilas etmək uğrunda mücadilə verən Mustafa Kamalın komandanlığı altında təşəkkül tapan ordu vardı.

1919-cu ilin mayından 1921-ci ilin yanvarınadək dövr Qurtuluş savaşında əsasən lokal hərbi əməliyyatlar dövrü olur. 1921-ci ilin yanvarından isə Mustafa Kamal  türk qoşun birliklərini genişmiqyaslı hərbi əməliyyatlara hazırlamağa başlayır.

1921-ci il avqustun 22-də başlanan və sentyabrın 13-də qalibiyyətlə başa çatan Sakarya savaşı yeni türk ordusunun nəyə qadir olduğunu nümayiş etdirdi. Sakarya zəfərindən sonra TBMM Mustafa Kamala “Qazi” adını verdi.

Qurtuluş savaşının zirvə nöqtəsi 1922-ci ilin avqustundakı “Böyük Taarruz” (“Böyük Hücum”) oldu. Avqustun 26-da sübh tezdən türk qoşunları baş komandan Qazi Mustafa Kamalın əmri ilə düşmən üzərinə hücuma keçdi. 30 avqustadək Əskişəhər və Afyonu nəzarətə götürən türk qoşunları baş komandandan “Hədəf Aralıq dənizidir!” əmrini aldı. 15 günün içində türk ordusu 100 kilometr enində cəbhə boyunca 500-600 kilometr irəliləmiş, 150 minlik yunan ordusu darmadağın edilmişdi.

30 avqust Zəfəri Türkiyənin tarixində yeni bir şərəfli səhifə açdı. Türk xalqı yenilməzliyini dünyaya sübut etmiş, gələcək Cümhuriyyətin əsas təməl daşı qoyulmuşdu. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Türkiyə Cümhuriyyətini elan etdi. Artıq onun tarixə Atatürk kimi düşməyə tam haqqı vardı. 1934-cü il noyabrın 24-də TBMM-in qərarı ilə Mustafa Kamala rəsmən Atatürk soyadı verildi. 1938-ci il noyabrın 10-da Atatürk bu dünyaya vida etdi. Qurduğu dövlət isə yaşamaqdadır...

Vüqar ORXAN