Olaylar, faktlar (17 – 22 may)

 

385 il əvvəl...

 

17 may 1639-cu ildə Səfəvi və Osmanlı dövlətləri arasında növbəti müharibənin (1623–1639) yekunlarına əsasən, Qəsri-Şirin sülh müqaviləsi bağlanıb. Müqavilədə tərəflər arasında 1555-ci ildə bağlanmış Amasya sülhünün şərtləri təsdiqlənib. Həmin şərtlərə görə, indiki Gürcüstanın qərb vilayətləri Osmanlının, Gürcüstanın şərq hissəsi, habelə Azərbaycanın Borçalı mahalı, Qərbi Azərbaycan (indiki Ermənistan ərazisi), eləcə də şimallı-cənublu Azərbaycan torpaqları Səfəvilərin nəzarətinə keçmişdi.

 

219 il əvvəl...

 

21 may 1805-ci ildə Rusiya-İran müharibəsi (1804–1813) gedişində Şəki xanlığının Rusiyaya birləşdirilməsinə dair ikinci Kürəkçay müqaviləsi bağlanıb. Şəki hakimi Səlim xan və Rusiyanın Qafqaz qoşunlarının komandanı general Sisianov tərəfindən imzalanan müqaviləyə əsasən, ruslar xanlığa nisbi özünüidarə vəd etmişdi. Mayın 14-də bağlanan birinci Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı da eyni vədlə Rusiyaya ilhaq edilmişdi.

 

105 il əvvəl...

 

19 may 1919-cu ildə Mustafa Kamal Atatürk bir qrup silahdaşı ilə Qərb dövlətlərinin faktiki işğalı altında olan İstanbuldan Samsuna gələrək Türkiyənin qurtuluş və istiqlal savaşının başladığını elan edib. Atatürkün rəhbərliyi ilə milli mücadilə 1923-cü ildə Türkiyə Cümhuriyyətinin yaranması ilə başa çatdı. 19 may Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramıdır.

 

104 il əvvəl...

 

18 may 1920-ci ildə Azərbaycan SSR Müvəqqəti İnqilab Komitəsi (hökumət) “Teatr, kino, muzey və foyelərin milliləşdirilməsi haqqında” dekret verib.

 

80 il əvvəl...

 

17 may 1944-cü ildə SSRİ rəhbəri Stalinin qərarı ilə Rusiya Federasiyası tərkibində  Krım MSSR ləğv edilib. Mayın 18-nə keçən gecə 200 minə yaxın Krım tatarı (türk) Orta Asiya, Ural və Volqaboyuna deportasiya olunub. Krım tatarları Stalinin ölümündən sonra reabilitasiya olunsalar da, yalnız 80-ci illərdə Krıma qayıda bildilər.

 

52 il əvvəl...

 

20 may 1972-ci ildə Qərbi və Şərqi Kamerun birləşərək unitar dövlətə çevrilib. Birinci Dünya müharibəsi zamanı Kamerun Fransa və Britaniya tərəfindən parçalanmışdı. 1960-cı illərdə iki ayrı dövlət müstəqillik qazanmışdı.

 

34 il əvvəl...

 

19 may 1990-cı ildə Ali Sovetin sessiyasında Azərbaycan Respublikasının Prezidenti vəzifəsi təsis edilib. Azərbaycan KP MK-nın birinci katibi Ayaz Mütəllibov Ali Sovet deputatlarının səsverməsi ilə prezident seçilib.

22 may 1990-cı ildə Yəmən Ərəb Respublikası (Şimali Yəmən) və Yəmən Xalq Demokratik Respublikası (Cənubi Yəmən) birləşib, vahid Yəmən Respublikası yaranıb. Ərəbistan yarımadasında yerləşən Yəmən XVIII əsrdən Osmanlının nəzarətində idi, 1839-cu ildə Britaniya protektoratlığına keçmişdi. 1918-ci ildə Şimali Yəmən, 1967-ci ildə Cənubi Yəmən müstəqillik qazanmışdı.

 

32 il əvvəl...

 

18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Laçın rayonunu işğal ediblər. 28 ildən artıq işğal altında qalan Laçın rayonu 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq 2020-ci ilin 1 dekabrında azad edildi.

 

30 il əvvəl...

 

22 may 1994-cü ildə beynəlxalq birlik Yuqoslaviyanın parçalanması faktını tanıyıb. Bosniya və Herseqovina, Xorvatiya və Sloveniya BMT-yə qəbul edilib.

Hazırladı: V.Orxan