Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üzv verib. Tanınmış türkoloq-alim, filologiya elmləri doktoru, tərcüməçi, jurnalist, Bakı Dövlət Universitetinin (BDU) professoru Ramiz Əskər 22 may 2024-cü il tarixində, 70 yaşında vəfat edib.

Ramiz Baxşəli oğlu Əskərov 10 yanvar 1954-cü ildə Qərbi Azərbaycanda, indiki Ermənistan Respublikasının Amasiya rayonunun Qaraçanta kəndində anadan olub. 1978-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Bir sıra qəzet və jurnallarda məsul vəzifələrdə çalışıb.

2003-cü ildən Bakı Dövlət Universitetində türk xalqları ədəbiyyatını tədris edib, 2012-ci ildən Türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb, təhsil ocağının professoru olub.

R.Əskərin müəllifi və tərtibçisi olduğu “XX əsr özbək şeiri antologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Baburnamə”, Sultan Hüseyn Bayqaranın “Divan”, Yusif Balasaqunlunun “Qutadqu bilik” və digər nəşrlər ona bütün Türk dünyasında şöhrət qazandırıb. Türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd və qaqauz dillərindən tərcümələr edib.  

Ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə R.Əskər dövlət başçısının sərəncamları ilə “Əməkdar jurnalist” fəxri adına, “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb. O, həmçinin türk respublikalarının bir sıra mükafatları ilə təltif olunub.

Mədəniyyət Nazirliyinin kollektivi tanınmış elm və mətbuat xadiminin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.