Olaylar, faktlar (23 – 27 may)
159 il əvvəl...
25 may 1865-ci ildə Amerikada vətəndaş müharibəsi (Şimal-Cənub müharibəsi) başa çatıb. Dörd il sürən müharibə Şimal ştatlarının qələbəsi ilə yekunlaşıb. Cənub ştatları Şimalın diktəsini (o cümlədən quldarlığın ləğvi) qəbul etməli oldular. Müharibədə 360 min insan həlak olmuşdu.
114 il əvvəl...
24 may 1910-cu ildə Üzeyir Hacıbəylinin ilk musiqili komediyası – “Ər və arvad” əsəri səhnələşdirilib. Azərbaycanda ilk milli operettanın tamaşası Bakıda Nikitin qardaşları sirkinin səhnəsində göstərilib.
106 il əvvəl...
26 may 1918-ci ildə Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirilib. Gürcü heyəti Zaqafqaziyanı vahid dövlətdə birləşdirməyin mümkün olmadığını bildirərək federasiyadan çıxıb. Seymin buraxılması, Zaqafqaziya Federativ Respublikasının ləğvi barədə qərar qəbul olunub. Həmin gün Gürcüstanın müstəqilliyi elan edilib. İki gün sonra Azərbaycan və Ermənistan müstəqilliyini elan etdi.
104 il əvvəl...
25 may 1920-ci ildə Gəncədə Azərbaycanın sovetləşməsinə qarşı üsyan başlayıb. Üsyana Cavad bəy Şıxlinski, Mirzə Məhəmməd Qacar və Cahangir bəy Kazımbəyov rəhbərlik edirdi. Üsyan mayın 31-də qəddarlıqla yatırıldı.
101 il əvvəl...
23 may 1923-cü ildə Azərbaycan Mərkəzi Dövlət Kitabxanasının (indiki Milli Kitabxana) təntənəli açılışı keçirilib. Kitabxana AMEA Rəyasət Heyətinin indiki binasında yerləşirdi. 1960-cı ildə kitabxana Xaqani küçəsindəki indiki binasına (memar Mikayıl Hüseynov) köçüb.
88 il əvvəl...
25 may 1936-cı ildə Bakı Soveti yanında Simfonik konsertlər idarəsinin bazasında Azərbaycan Dövlət Filarmoniyası yaradılıb. Filarmoniyanın yerləşdiyi bina 1912-ci ildə “İctimai toplantılar üçün yay binası” olaraq inşa edilmişdi. 1920-ci ildə təşkil edilən Azərbaycan Dövlət Simfonik Orkestri, digər musiqi kollektivləri burada çıxış edirdi və 1936-cı ildə Filarmoniyada birləşdirildi. 1937-ci ildə bəstəkar Müslüm Maqomayevin vəfatından sonra Azərbaycan Dövlət Filarmoniyasına onun adı verildi.
78 il əvvəl...
25 may 1946-cı ildə İordaniya dövlət müstəqilliyini (İordaniya Haşimi Krallığı) əldə edib. 1918-ci ilədək (4 əsr) Osmanlı imperiyasının tərkibində olan İordaniya Birinci Dünya müharibəsinin yekunu olaraq Britaniyanın nəzarətinə keçmişdi.
75 il əvvəl...
23 may 1949-cu ildə Almaniya Federativ Respublikasının Konstitusiyası qəbul edilib və Almaniyanın ikiyə bölünməsi rəsmiləşib. ABŞ, Britaniya və Fransanın nəzarətində olan sektorlarda AFR-in (Qərbi Almaniya) yaradılmasından sonra SSRİ-nin nəzarətində olan Şərqi Almaniyada sosialist yönlü dövlət – Almaniya Demokratik Respublikası (7 oktyabr 1949-cu il) yarandı. 1990-cı ilin 3 oktyabrında iki Almaniya birləşdi.
32 il əvvəl...
27 may 1992-ci ildə Azərbaycan Parlamenti “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun qəbul edib. 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəylinin şair Əhməd Cavadın sözlərinə yazdığı “Azərbaycan marşı” Dövlət Himni kimi təsdiq edilib.
Hazırladı: V.Orxan