Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin Atatürk Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum Atatürk Universitetinin rektoru professor Ömer Çomaklının Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclasında iştirakı üçün ölkəmizə səfəri çərçivəsində AzMİU-da imzalanıb.
AzMİU-nun rektoru Gülçöhrə Məmmədova iki universitet arasında TÜRKÜNİB çərçivəsində əməkdaşlıq olduğunu diqqətə çatdıraraq memorandumun bu əlaqələrin inkişafına zəmin yaradacağını deyib.
Rektor Ömer Çomaklı 20 il öncə yaranmış birliyin əhəmiyyətindən danışıb, bildirib ki, Azərbaycandan AzMİU, Türkiyədən Atatürk Universiteti TÜRKÜNİB-in təsisçilərindən olub. O, qarşılıqlı səfər və ortaq layihələrlə ölkələrimizə və Türk dünyası üçün faydalı işlər görə biləcəklərini deyib.
Çıxışlarda ortaq tədqiqat, elmi məqalələrin nəşri, ortaq patentin alınması məsələlərinə də toxunulub. AzMİU ilə Atatürk Universiteti arasında ikili diplom müqaviləsi layihələrinin hazırlanması ilə bağlı ilkin razılıq əldə olunub.