Mayın 23-də Azərbaycan Milli Kitabxanasının yaradılmasının 101-ci ildönümü tamam olur.

1922-ci ildə yaradılan kitabxananın rəsmi açılışı 1923-cü il may ayının 23-də gerçəkləşib. 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilib. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənərək onlarca yeni şöbə yaranıb, fondunda olan ədəbiyyat sayı artıb.

Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərərək kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.

Bu gün 5 milyona yaxın kitab fondu olan Milli Kitabxananın beynəlxalq əlaqələri də əhəmiyyətli dərəcədə genişlənib və beynəlxalq kitabxana təşkilatlarında uğurla təmsil olunur. Hazırda Milli Kitabxana dünyanın 55 ölkəsinin kitabxanaları ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb və bu kitabxanalarla fəal kitab, informasiya, təcrübə mübadiləsini həyata keçirir. Bundan əlavə, 80-dən artıq ölkənin milli və universitet kitabxanaları ilə beynəlxalq kitab mübadiləsi yolu ilə kitab və digər nəşrlərin mübadiləsi həyata keçirilir. 

Təsadüfi deyil ki, elm və mədəniyyətə yüksək qiymət verən Ümummilli lider Heydər Əliyev 1995–1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya səfər edib və öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı kitabxanaya bağışlayıb.

2004-cü ildə kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib. Bu, kitabxananın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən bu günlə əlaqədar “Azərbaycan Milli Kitabxanası” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə Milli Kitabxana haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, görkəmli şəxslərin fikirləri, fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Azerbaycan_Milli_Kitabxanasi_/index.htm linkindən istifadə edə bilərlər.