Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında şəhid İlqar İbrahimov adına orta məktəbin sinif rəhbəri İlahə Zeynalovanın təşkilatçılığı ilə 4-cü sinif şagirdlərinin “Yaşa, yaşa, Azərbaycan!” adlı kompozisiyası təqdim olunub.

Mayın 18-də keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rejissor-xoreoqraf Səbinə Əhədovanın vətənpərvərlik duyğuları ilə qurulmuş ssenarisi üzrə şagirdlər “Atəşgah” rəqsi, “Mədrəsə”, “Bayraq rəqsi”, “Zəngəzur” rəqsi, Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinə hazırladıqları kompozisiyalarla çıxış ediblər.

Sonra Ulu öndərə həsr edilmiş videoçarx nümayiş olunub və Heydər Əliyevin vaxtilə söylədiyi Səməd Vurğunun “Azərbaycan” şeirinin lent yazısı səsləndirilib.

Tədbirin ən kövrək anları “Mənim atam qəhrəmandır” musiqisinin sədaları altında şəhidlərin şəkli ilə şagirdlərin rəqsi olub və bu çıxış hər kəsi duyğulandırıb.

Sonda şagirdlər “Yaşa, yaşa, Azərbaycan” mahnısını ifa ediblər.