Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Ordubad şəhəri yaxınlığında yerləşən Orta əsrlərə aid Xaraba Gilan şəhər yeri ilə bağlı videomaterial hazırlanıb. 

Materialda həmin qədim şəhər yerində tədqiqatlar aparan ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli Xaraba Gilanın tarixi haqqında məlumat verir. 

Alim bildirir ki, Xaraba Gilan şəhərinin tarixi eradan əvvəl IV əsr və bizim eranın XIII əsrinin əvvəllərini əhatə edir. Bu tarix ərazidə şəhər mədəniyyətinin formalaşdığı dövrü göstərir. Ancaq Xaraba Gilanda insanların məskunlaşması eradan əvvəl V minilliyin sonu – IV minilliyin əvvəllərinə gedib çıxır.

Şəhərin məhəllələrinin hər biri müdafiə divarı ilə əhatə olunub. Xarabalığın şimal-qərb hissəsində qəbiristanlıq yerləşir və burada beş türbə aşkar edilib. Onlardan birinin məşhur memar Əcəmi Naxçıvani tərəfindən inşa edildiyi bildirilir. Burada həmçinin Səlcuqlular dövrünün sülalə qəbiristanlığı da mövcuddur.

Alimin sözlərinə görə, şəhər monqolların ölkəmizə hücumları zamanı iki dəfə – 1221 və 1231-ci illərdə dağıntıya məruz qalıb.  

Xaraba Gilan şəhər yeri dünya əhəmiyyətli mədəniyyət abidəsidir. Onun tədqiq edilməsi, təbliği tarix və mədəniyyətimiz üçün böyük əhəmiyyət kəsb edir.

Videomaterialla https://www.youtube.com/watch?v=MbtoYFhAXtA linki vasitəsilə tanış olmaq mümkündür.