AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “Azərbaycan mühacirət ədəbiyyat kitabxanası” seriyasının VII cildi – tanınmış siyasi xadim, yazıçı, jurnalist və tarixçi Mirzə Bala Məhəmmədzadənin (1898–1959) “Seçilmiş əsərləri” çapdan çıxıb.

İlk mənbələr əsasında tərtib edilmiş cilddə yer alan şeirlər, hekayələr, xatirələr, ədəbiyyatşünaslıq, mühacirət tarixinə və Türk dünyasına dair məqalələr, ensiklopedik oçerklər XX əsr Azərbaycan milli hərəkatının ən görkəmli şəxsiyyətlərindən olan M.B.Məhəmmədzadənin həmin dövrdəki çoxşaxəli ədəbi-elmi və publisistik fəaliyyəti barədə dolğun təsəvvür yaradır.

Kitab həm də M.B.Məhəmmədzadənin mühacirət dövrü yazılı irsindən seçmələrin toplu halında ilk elmi nəşri kimi diqqətəlayiqdir.

Cildin tərtibçisi, ön söz və qeydlərin müəllifi filologiya elmləri doktoru Nikpur Cabbarlı, məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Arif Acaloğludur.