Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar mayın 22-də Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edib.

Baş nazir Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti, Prezident vəzifəsini icra edən Məhəmməd Moxberlə görüşərək ona Azərbaycan Respublikasının Prezidenti, hökuməti və xalqı adından dərin hüznlə başsağlığı verib.

Nümayəndə heyətində xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əziz Ələkbərov, Cavanşir Paşazadə, Cəbi Quliyev və digər rəsmi şəxslər yer alıb.