Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən işğal olunan Qazax rayonunun dörd kəndinin dinc yolla Azərbaycana qaytarılması təmin edilib. Bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın 8-ci görüşünün Protokolu imzalanıb.
Qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılıb və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işlərinin nəticələri haqqında Texniki Protokol tərtib olunub.
2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə komissiyaların növbəti – 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılıb və bu barədə komissiyaların müvafiq Protokolu imzalanıb.
Delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin – Bağanıs Ayrımın, Aşağı Əskiparanın, Xeyrımlının və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib.
Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Kəndlərdə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb, Dövlət Himni səslənib. Tarixi hadisə ilə bağlı Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə edilib.
Xatırladaq ki, Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martında, digər üç kənd isə 1992-ci ilin mart-iyun aylarında zəbt edilmişdi.