Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19–23 may tarixlərində ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri keçirildi. Bu münasibətlə Tacikistan Respublikasının mədəniyyət naziri xanım Matlubaxon Sattoriyenin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdi.

Tacikistan Mədəniyyət Günləri çərçivəsində xanım nazir Matlubaxon Sattoriyen Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib.

Direktor Şirin Məlikova muzeyin tarixi, fəaliyyət istiqamətləri haqqında nazirə geniş məlumat verib.

Qədim Azərbaycan incəsənəti, muzeyin “1920–1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyası, həmçinin hazırda muzeydə davam edən Əməkdar rəssam Məmməd Mustafayevin "Gizli və aşkar" sərgisi ilə tanışlıq qonaqlarda böyük maraq doğurub.