Xəbər verdiyimiz kimi, zəngin türk mətbəxinin tanıdılması məqsədilə 2021-ci ildən Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü və himayəsi altında dünyanın bir çox ölkələrində mayın 21-dən 27-dək “Türk mətbəxi həftəsi” keçirilir.

UNESCO yanında Türkiyə daimi nümayəndəliyi tərəfindən Parisdə təşkil edilən “Türk mətbəxi həftəsi” çərçivəsində Ege bölgəsinin təamları təqdim olunub.

Tədbirdə müxtəlif ölkələrin Fransadakı səfirləri, UNESCO yanında daimi nümayəndələri və onların həyat yoldaşları iştirak ediblər.

Türkiyənin UNESCO yanındakı daimi nümayəndəsi səfir Gülnur Aybet Mədəniyyət və Turizm Nazirliyi ilə koordinasiyalı şəkildə keçirilən tədbir barədə məlumat verib. Bildirib ki, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə artıq 3-cü ildir bütün dünyada türk mətbəxinin tanıdılması məqsədilə tədbirlər təşkil olunur.

Türkiyənin tanıdılması üçün qastronomiya tədbirlərinə önəm verdiklərini vurğulayan daimi nümayəndə qeyd edib ki, ötən il “Türk mətbəxi həftəsi” çərçivəsində 6 fevral zəlzələsindən zərər çəkən Hatay mətbəxi təqdim olundu. O, dadlı, ləzzətli türk təamlarının ənənəvi üsulla hazırlandığını, insan sağlamlığının və “0 tullantı”nın diqqətdə saxlanıldığını vurğulayıb. Deyib ki, tədbir üçün yeməklər hazırlayarkən təşkilatçılar Əminə Ərdoğanın himayəsi altında həyata keçirilən “Sıfır tullantı” layihəsinin qaydalarını rəhbər tuturlar.

Türk mətbəxinin tanıdılması tədbirində Ege bölgəsinin tarixinə və mətbəxinə dair videoçarx nümayiş olunub.