Dünyanın ən məşhur konsert zallarından birində – Londondakı “Royal Festival Hall”da “Voices from East” (“Şərqin sədaları”) devizi altında simfonik musiqi axşamı olub. Dirijor Kiril Karabits (Ukrayna, Fransa) artıq uzun illərdir ki, özünün dünya turları konsertlərinə Firəngiz Əlizadənin əsərlərini, o cümlədən “Nizami Cosmology”ni daxil edir.

Məxsusi olaraq Luzern Beynəlxalq Festivalı üçün yazılmış məşhur simfonik poema – “Nağıllar” onun parlaq interpretasiyası ilə dəfələrlə ifa edilib. Luzerndə bu canlı simfonik poema maestro Suzanne Mäyalki (Finlandiya) tərəfindən təqdim olunub və beynəlxalq mətbuatda böyük rezonans doğurub. O vaxtdan “Nağıllar” zəmanəmizin bir çox məşhur dirijorlarının, o cümlədən Daniel Kleiner, Yan Dvorak, Kristian Sikorski, Muhai Tanq və başqalarının repertuarında möhkəm yer alıb.

Azərbaycan Bəstəkarlar İttifaqından bildirilib ki, K.Karabitsin interpretasiyasında bu musiqi son vaxtlar Amerikada, Fransada, Almaniyada, Monte-Karloda böyük uğurla ifa olunur. Azərbaycan bəstəkarının əsərinin “Royal Festival Hall”da ifası Britaniya ictimaiyyətinin böyük marağına səbəb olub.

“Boosey&Hawkes” musiqi nəşriyyatının nümayəndələri təəssüratlarını bölüşüblər: “Məşhur müasir bəstəkar Firəngiz Əlizadənin musiqisi əsl sensasiya yaradıb. O, konsert proqramında yeganə qadın bəstəkar idi, lakin eyni zamanda, onun musiqisi həyəcanlı temperamenti, heyrətamiz dinamikası və yüksək peşəkarlığı ilə bizi valeh etdi. Bundan əlavə, dirijor K.Karabits “Nağıllar” simfonik poemasının ifasından əvvəl qısa annotasiya verdi ki, bu da bizi müasir simfonik musiqinin bu gözəl əsərini daha yaxından anlamağa kömək etdi”.