Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi və 28 May – Müstəqillik Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyində “Naxçıvan – qədim diyar” adlı müsabiqə-sərgi keçirilib. Tədbirdə incəsənət xadimləri, muzey əməkdaşları, rəssamlar və KİV nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək muxtar respublikanın 100 illiyi və bununla bağlı muzeydə təşkil olunan tədbirlər barədə məlumat verib.
Muzeyin direktoru akademik Nailə Vəlixanlı tədbirin əhəmiyyətindən danışaraq gənclərin maariflənməsində, onların istedadlarının üzə çıxmasında və muzeylərə maraq yaradılmasında layihənin önəmini qeyd edib.
Sərgidə Azərbaycanın müxtəlif bölgələrindən gənc rəssamların Naxçıvanın maddi mədəniyyətini, tarixini, gözəl təbiətini əks etdirən 50-dən çox rəsm əsəri və əl işləri nümayiş olunub.
Əsərləri Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktor müavini Nazim Məmmədov və Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifovadan ibarət münsiflər heyəti qiymətləndirib.
Xalq rəssamı A.İbrahimov, sənətşünaslar Z.Əliyev və N.Yusifova sərgilənən rəsm əsərləri barədə fikirlərini bölüşüblər.
Tədbirdə həmçinin Naxçıvana həsr olunmuş rəqs nömrələri və musiqi ifaları olub.
Sonda müsabiqənin qaliblərinə fəxri fərmanlar və mükafatlar təqdim edilib. Müsabiqənin bütün iştirakçılarına sertifikatlar verilib.
Böyük yaş qrupundan AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi Məhiyəddin Seyidov qalib elan edilib. Kiçik yaş qrupunda I yeri Nəzrin Əliyeva, II yeri Naxçıvandan qatılan Yusif Qasımlı, III yeri isə Aylin Musayeva qazanıb.