Mayın 24-də “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı keçirilib. 28 May – Müstəqillik Gününə həsr olunan festival Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai RİH-in dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı (ARİ), Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi, Beynəlxalq Sulu boya Cəmiyyəti (IWS), Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (“IWS Azerbaijan”) və Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, ARİ-nin sədr müavini Xalq rəssamı Ağaəli İbrahimov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və başqaları çıxış ediblər.

Uşaq və gənclər musiqi sədaları altında sulu boya ilə gül rəsmləri çəkiblər. Akvarelçi rəssam Səbinə İskəndərin ustad dərsi keçirilib.

Günün sonunda festival iştirakçıları müxtəlif yaş qrupları üzrə mükafatlandırılıb.

Qeyd edək ki, festival çərçivəsində elan olunmuş akvarel texnikasında güllər mövzusunda müsabiqəyə 2500-ə yaxın 8-21 yaş arası Azərbaycan gəncləri ilə yanaşı, Türkiyə, İran, Peru, Litva, Gürcüstan, Yaponiya, Vyetnam, Hindistan vətəndaşı qatılıb. 800-ə yaxın əsər yaş qruplarına uyğun seçilərək sərgilənib. Hər yaş qrupu üzrə 10 əsərin müəllifi festivala dəvət alıb, həmçinin sərgilərdə iştirak edən xarici vətəndaşlara sertifikat, festivala seçilən əsərlərin müəlliflərinə isə festivalın diplomu ilə göndəriləcək.