Milli Kitabxanada 28 May – Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən kitabxananın direktoru professor Kərim Tahirov 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdiyini bildirib: Qeyd olunub ki, Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib.
Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil dövlətini yaradıb.
Kərim Tahirov vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi davamçısı Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın müstəqillik dayaqlarını daha da möhkəmləndirib. Bu gün artıq ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi bütöv Azərbaycanda, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə dalğalanır.
Tədbir çərçivəsində əlamətdar günlə bağlı eyniadlı virtual və ənənəvi kitab sərgisi də istifadəçilərə təqdim olunub.
Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə yer alıb.
Virtual sərgi ilə http://anl.az/el/vsb/Cumhuriyyet/index.html link vasitəsilə tanış olmaq mümkündür.
Ənənəvi sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti, qurucuları, dövlət rəmzləri, müstəqilliyimizin bərpası, müstəqil, azad və bütöv Azərbaycan dövlətinin tarixi haqqında müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
***
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında da Müstəqillik Günü ilə əlaqədar tədbir təşkil olunub.
Tədbirdə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov xalqımızın varlığını, böyüklüyünü və mübarizliyini sübut edən tarixi məqamlardan biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti haqqında məlumat verib.
O, 1990-cı ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasında ucaldıldığını, bir il sonra isə milli bayrağımızın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsis edildiyini bildirib.
Digər çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin qısa ömründə böyük nailiyyətlər əldə etdiyi vurğulanıb.
Tədbirdə kitabxananın əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisi nümayiş olunub. Müsəlman Şərqində ilk demokratik respublikanın fəaliyyətini əks etdirən yazılı məlumatlar, maraqlı faktlar, sənədlər, fotoşəkillər öz əksini tapıb və Cümhuriyyət dövrünün Azərbaycanda təhsil, mədəniyyət sahələrinə verdiyi töhfələr haqqında ətraflı məlumat verilib.
Sərgidə Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, əhəmiyyəti, tarixdə tutduğu mövqeyi və ümumilikdə Azərbaycanın müstəqilliyinə dair söylədiyi fikirlər videogörüntülərlə nümayiş olunub, XXI əsrdə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi, müdrik diplomatik siyasəti, qəhrəman Azərbaycan oğullarının şücaəti ilə qazanılan Qarabağ Zəfərinin türk tarixinə daha bir şanlı səhifə kimi yazıldığı qeyd edilib.
Virtual kitab sərgisində “Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabit və hərbi məmurları”, “Azərbaycan Ordusunun tarixi”, “Azərbaycan Xalq Cümhuriyyəti işığında”, “Cümhuriyyətin təhlükəsizlik orqanları”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Qafqaz İslam Ordusu Azərbaycanda”, “Yüz ilin işığında”, “Cümhuriyyət xilaskarları” kimi kitabların qısa annotasiyası təqdim olunub.
Məlumat bülleteni və biblioqrafik vəsaitdə Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu, İstiqlal Bəyannaməsi, Cümhuriyyətin fəaliyyəti, dövlət sərhədləri və atributları haqqında bəhs olunur. Son illərdə Cümhuriyyətə dair çap olunmuş Azərbaycan, rus və ingilis dillərində kitabların biblioqrafik təsviri yer alıb. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edən kitablar, dövri mətbuat materialları sərgilənib.