Prezident İlham Əliyev mayın 27-də 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 2024-cü il üçün texnika sahəsi üzrə mükafat “Xüsusi təyinatlı sürtgü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə Vaqif Məcid oğlu Fərzəliyevə, Həqiqət Əliəşrəf qızı Cavadovaya və Əfsun Rəzzaq oğlu Sucayevə verilib.
Mədəniyyət sahəsi üzrə mükafat isə teatr rejissorluğu sahəsində fəaliyyətinə görə Mehriban Zaur qızı Ələkbərzadəyə verilib.
Qeyd edək ki, Dövlət Mükafatları Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli sərəncamı ilə təsis edilib. Hər biri 30 000 manat məbləğində olan Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 5 Dövlət Mükafatı iki ildən bir (hər cüt ildə) 28 May — Müstəqillik Günü ərəfəsində Dövlət Mükafatları Komissiyasının qərarı ilə verilir. Bu il Dövlət Mükafatları üçün müvafiq qurumlar tərəfindən ümumilikdə 25, o cümlədən elm sahəsində 11, texnika sahəsində 3, memarlıq sahəsində 1, mədəniyyət sahəsində 7, ədəbiyyat sahəsində 3 müraciət-təqdimat edilmişdi.