Mingəçevir Turizm Kollecində məzun günü keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının əməkdaşları, sahibkarlar, turizm sektorundan olan mütəxəssislər, kollecin müəllim və tələbə kollektivi iştirak edib.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Salamlama nitqi ilə çıxış edən kollecin direktoru Kamal Əhmədov təhsil ocağının fəaliyyəti dövründə əldə olunan uğurlar, əməkdaşlıq əlaqələri haqqında məlumat verib.
Məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayan direktor ölkəmizdə təhsilə və elmə göstərilən dövlət qayğısından danışıb.
Sonra kollecdə tədrisin keyfiyyətli təşkilində dəstəyə görə Gəncə Regional Turizm İdarəsinin müdiri Zaur Bayramova, Mingəçevir Regional Turizm İdarəsinin rəisi Fariz Qarayevə, tələbələr arasında sağlam həyat tərzinin və idmanın təbliğində dəstəyə görə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlova, tələbələrin siyasi dünyagörüşünün formalaşması və vətənpərvərlik hisslərinin aşılanmasında göstərdiyi dəstəyə görə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayevə, tələbələrin asudə vaxtlarının səmərəli təşkilində göstərdiyi dəstəyə görə “Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin rəhbəri Tural Kərimova, Mingəçevir Tarix Muzeyinin direktoru Nofər Məmmədəliyev və başqalarına təşəkkürnamələr təqdim olunub.
Daha sonra təhsil proqramını müvəffəqiyyətlə başa vuran, fəallığı ilə seçilən məzunlara kollecin rəhbərliyi tərəfindən fəxri fərmanlar verilib.