Xəbər verdiyimiz kimi, 24-31 may tarixlərində AMEA-nın əsas binasının önündəki Elmlər Akademiyası parkında III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (III LitBookFest) keçirilir.
Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TİKA və digər qurumların dəstəyi ilə təşkil olunur.
Türksoylu ölkələrdən alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, konfranslar, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlər də təşkil olunur.
Tədbirlər hər gün bir ölkənin adı ilə (Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikası) adlandırılır.
Festival çərçivəsində mayın 27-də (Qazaxıstan günü) bir sıra tədbirlər keçirilib. Günün birinci yarısında "Türk xalqları", “Divanü-lüğat-it-türk” - 950", "Vurğun keçdi bu yerlərdən" adlı tədbirlər keçirilib, "Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi", "Cəfər Cabbarlı - 125" və "Alim şairlər" mövzularında panel müzakirələr aparılıb.
Günün ikinci yarısında görkəmli ədəbiyyatşünas alim, mətnşünas, şair Salman Mümtazın (1884-1941) 140 illiyi ilə bağlı panel müzakirəsi təşkil olunub.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayevanın moderatorluğu ilə gerçəkləşən müzakirədə çıxış edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elməri doktoru Lütviyyə Əsgərzadə Salman Mümtazın həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, Salman Mümtaz 57 illik ömrünün 30 ildən çoxunu ədəbiyyat və mədəniyyət tariximizin öyrənilməsinə həsr edib, şair və alim-mətnşünas kimi şöhrət qazanıb. O, klassik ədəbi irsimizin toplanılması, nəşri və tədqiqi sahəsində diqqətəlayiq fəaliyyət göstərib, Azərbaycan şair və aşıqlarının əsərlərini, bir sıra naməlum əlyazma nümunələrini aşkara çıxarıb.
Bildirilib ki, “Kommunist” nəşriyyatında “Unudulmuş yarpaqlar” ədəbiyyat seriyasından 24 şairin (Nəsimi, Qövsi Təbrizi, Nişat Şirvani, Ağa Məsih Şirvani, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və s.) əsərlərindən ibarət kitablar hazırlayaraq nəşr etdirib. Salman Mümtaz bayatıların ilk toplayıcısı və tədqiqatçısı olub. Aşıq poeziyası nümunələrindən ibarət “El şairləri”, “Sarı aşığın bayatıları", “Aşıq Abdulla” kitablarını nəşr etdirib. Fədakar alim Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərinin elmi-tənqidi mətninin hazırlanması sahəsində də böyük xidmətlər göstərib, Nəsimi, Şah İsmayıl Xətai, Həbibi, Füzuli və başqalarının həyat və yaradıcılığına dair araşdırmalar aparıb, Mirzə Ələkbər Sabir, Abbas Səhhət haqqında xatirələrini yazıb.
Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli Salman Mümtazın tərcümeyi-halı barədə maraqlı məlumatı qeyd edib: "Bu gün biz Salman Mümtazın 140 illiyi ilə bağlı bu tədbiri keçiririk. Ancaq Ədəbiyyat İnstitutunda işlədiyi dövrdə Salman Mümtazın öz əlyazması ilə tərcümeyi-halında qeyd etdiyi tarixlə indiki tarix uyğun deyil. İndi biz baxırıq ki, mediada, son dövr ədəbiyyatında S.Mümtazın 1884-cü ildə doğulduğu qeyd olunur. Əslində, alimin özünün yazdığı tərcümeyi-halda və sənədlərdə, o cümlədən istintaq sənədlərində S.Mümtazın doğum tarixi 1883-cü il kimi qeyd edilib. Yəni onun 140 illiyi keçən il olub. Ancaq fərq etməz, biz Salman Mümtazı anmaqla onun misilsiz zəhmət və xidmətlərini vurğulamağı özümüzə borc bilirik. Fürsətdən istifadə edib Salman Mümtazın tərcümeyi-halı haqqında bir məsələni də qeyd etmək istəyirəm. Onun ərəb əlifbalı imzası içərisində və özünə yazdığı tərcümeyi-halda atasının adı Məmmədəmin deyil, Məhəmmədəmindir".
A.Rüstəmli Salman Mümtazın Cümhuriyyət dövrü fəaliyyəti haqqında da söz açıb.
Daha sonra "Ulduz" jurnalın baş redaktoru Əməkdar jurnalist, şair Qulu Ağsəslə görüş keçirilib. Görüşdə bir sıra şeirlərini səsləndirib. Şair Aynur Qafarlı və bədii qiraətçi Anar Atakişinin iştirakı ilə şeir saatı təşkil edilib.
Günün sonunda isə Qazaxıstanın Xalq yazıçısı Fariza Ongarsynovanın (1939-2014) xatirəsinə həsr olunmuş "Gül dəftəri" adlı panel müzakirəsi keçirilib, “Aykuo” adlı film nümayiş olunub.
Qeyd edək ki, III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı mayın 31-dək davam edəcək.
Nurəddin