Mayın 27-də Nizami Kino Mərkəzində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Cizgi” brendinin yaradıcısı, dizayner Gülnarə Xəlilovanın hazırladığı, üzərində Qarabağ bölgəsindən olan görkəmli şəxsiyyətlərin portretlərinin işləndiyi ipək yaylıqlardan ibarət “Qarabağın cizgiləri” adlı sərginin açılışı olub.
Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fondun bu layihələrinin qarşıdan gələn 28 May - Müstəqillik Gününə həsr olunduğunu bildirib. Qeyd edib ki, həmçinin bu layihələr Azərbaycanın tarixinin, mədəni irsinin, milli dəyərlərinin yaşadılmasına töhfə verəcək.
Sonra Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış XIX əsr Azərbaycanın görkəmli şairəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvana həsr olunmuş “Şuşanın tək incisi” adlı sənədli film nümayiş edilib.
Sənədli film Fond tərəfindən Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunması və Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar 2023-cü ildə hazırlanıb, dünyanın müxtəlif ölkələrində nümayiş olunub. Filmin ideya müəllifi, Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti Günay Əfəndiyeva, ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Zəhra Quliyevadır.
Sözügedən layihələr Qarabağın və onun görkəmli şəxsiyyətlərinin irsinin beynəlxalq auditoriyalara daha geniş çatdırılmasına töhfə vermək məqsədini daşıyır.