İyunun 2-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı mövsümün növbəti premyerasını təqdim edəcək.

Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin (1927–2014) “Kürsüdə əyləşmiş kişiyə sevgi qınağı” pyesi əsasında hazırlanan monotamaşa Azərbaycanın Xalq artisti Natalya Şarovskayanın 70 illik yubileyinə həsr edilib.

Tədqiqatçılar Markesin bu birpərdəli pyesini qadınlar üçün yazılmış əsər kimi dəyərləndirirlər.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir. “Kürsüdə əyləşmiş kişiyə sevgi ittihamı”nın səhnə həllində Azərbaycanın Əməkdar mədəniyyət işçiləri Aleksandr Fyodorov dekorasiya üzrə, Olqa Abbasova geyim üzrə rəssam olaraq çalışıblar.

Səhnə əsərinin musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, xoreoqrafı Olqa Arsentyeva, işıq rəssamı Nikolay Rudıçevdir.