AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə Əməkdar elm xadimi, professor Qəzənfər Kazımovun “Azərbaycan dilinin qrammatikası” kitabı çapdan çıxıb.
İnstitutdan bildirilib ki, kitabın elmi redaktoru professor Nadir Məmmədli, rəyçiləri professor Tofiq Müzəffəroğlu və filologiya elmləri doktoru Aynel Məşədiyevadır.
Dərslik ümumi dilçiliyin və Azərbaycan dilçiliyinin son nailiyyətləri, müəllifin bu sahədə uzun illərdən bəri qazanmış olduğu təcrübə əsasında yazılıb. Nəşrdə feillərin təsrif sistemi yeni baxış əsasında işlənıb, nitq hissələrində keçid prosesləri xüsusi nəzərə alınıb.
“Azərbaycan dilinin qrammatikası” dərsliyinin predmetinə, eyni zamanda, söz birləşmələri, cümlə, mətn sintaksisi məsələləri daxildir.
Ali məktəblərin filologiya fakültələri üçün nəzərdə tutulan bu dərslikdən magistrantlar, doktorantlar və müəllimlər istifadə edə bilərlər.