Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsində qalib gələn “Kapitan və Xəzər dənizi” qısametrajlı sənədli-animasiya filminin maliyyələşməsinə başlanılıb.
Nazirlikdən bildirilib ki, istehsal prosesində olan filmin ssenari müəllifi və rejissoru Türkan Hüseyn, prodüseri Emin Nəcəfov və Türkan Hüseyndir. Filmin quruluşçu rəssamı Lalə Qasım, animasiya müəllifi Ağarəhim İbrahimovdur. 55 dəqiqə xronometrajında nəzərdə tutulan filmin layihəsi Krakov Beynəlxalq Film Festivalı çərçivəsində “CEDOC co-production”da və Beldocs Sənədli Film Festivalının pitçinq forumunda da iştirak edib. İctimai TV layihənin yayım və maliyyə dəstəkçilərindən biridir.
Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyinin maliyyə dəstəyi verdiyi “Kapitan və Xəzər dənizi” sənədli-animasiya filmi “Rental Azərbaycan” şirkəti tərəfindən istehsal olunur.