Mayın 30-da Azərbaycan Yazıçılar Birliyində (AYB) Aleksandr Puşkinin (1799–1837) 225 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə tanınmış ədəbiyyatşünas Reyhan Mirzəzadənin böyük rus şairinə həsr etdiyi “Bəşəri poeziyanın əbədiyyət günəşi” kitabının təqdimatı olub.
Rusiyanın Azərbaycandakı Səfirliyinin birinci katibi Pavel Kuznetsov bundan öncə müəllifin Aleksandr Ostrovski, Fyodor Dostoyevski və rus ədəbiyyatının digər klassiklərinə həsr olunan kitablarının təqdimatına qatıldığını dıqqətə çatdıraraq Puşkin haqqında kitabın da oxucular üçün faydalı və maraqlı olacağına əminliyini ifadə edib.
Puşkinin Azərbaycan üçün doğma şair olduğunu vurğulayan AYB-nin sədri Xalq yazıçısı Anar Puşkini Azərbaycanla iki yüzillik ənənələrin bağladığını söyləyib.Bildirib ki, bu yaxınlıq XIX əsrdə başlayıb. Mirzə Fətəli Axundzadə Puşkinin ölümündən təsirlənərək ilk böyük əsərini onun ölümünə həsr edib. Bu əsər “Puşkinin ölümünə Şərq poeması”dır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə, yazıçı-publisist Zöhrə Əsgərova, AYB-nin katibləri Çingiz Abdullayev, Səlim Babullaoğlu, Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev, Xalq artisti Cənnət Səlimova, Xalq şairi Nəriman Həsənzadə dahi şairin yaradıcılığna toxunub, onunla bağlı fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində Puşkinin “Kapitan qızı”, “Motsart və Saliyeri” əsərlərindən səhnəciklər nümayiş olunub.