Prezident İlham Əliyev: “Deyirdim ki, gün gələcək sizinlə Xocalıda görüşəcəyik. Bax, bu gün də gəldi”

 

Bu gün burada – Xocalıda, cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, görüşməyimiz, əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl – fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır.

Prezident İlham Əliyev bu sözləri mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşdə deyib.

Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva Müstəqillik Gününü Xocalı sakinləri ilə birgə, onların doğma yurdunda qeyd ediblər.

 

Böyük Qayıdışın Xocalı səhifəsi

 

2023-cü ildə (19–20 sentyabr) lokal antiterror əməliyyatı nəticəsində işğaldan azad edildikdən sonra qısa müddət ərzində yenidən qurulan Xocalıya qayıdan ilk sakinləri təbrik edən Prezident İlham Əliyev bildirib ki, bu qayıdışın Müstəqillik Günündə gerçəkləşməsi təsadüfi deyil: “Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində – mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur. Əvvəlkindən də daha gözəl şəhərdir və daha da gözəl olacaq. Bu gün, sadəcə olaraq, birinci mərhələdir. Bu gün, əslində, Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılır”.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin ən qanlı səhifəsini Xocalı sakinləri yaşayıblar. Prezident bu barədə deyib: “Müstəqilliyin bərpası elan olunandan dörd ay sonra Ermənistan Xocalı soyqırımını törətdi, günahsız insanları qətlə yetirdi, insanlığa qarşı cinayət törətdi. Xocalılılar faktiki olaraq müstəqilliyin bütün illərini başqa-başqa yerlərdə keçirməli oldular, o cümlədən Ağcakənd (Goranboy rayonu – red.) kəndində. Bildiyiniz kimi, birinci köçkün qəsəbəsi məhz Ağcakənd qəsəbəsində xocalılılar üçün Ulu Öndərin iştirakı ilə salınmışdır”.

 

“Hər şeyin vaxtı var və biz qayıtmışıq...”

 

Prezident qeyd edib ki, Xocalının, Xankəndinin, 2020-ci ilin 44 günlük müharibəsindən sonra nəzarətimizdən kənarda qalan, separatçıların hələ at oynatdıqları digər şəhər və kəndlərimizin azad edilməsi Azərbaycanın gücünü, iradəsini dünyaya nümayiş etdirdi: “Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar. Halbuki bunun heç bir hüquqi, tarixi əsası yox idi. Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”.

Xocalıda hərbçilər üçün inşa edilmiş evlərlə də tanış olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan suverenliyini tam bərqərar etdiyi əraziləri dirçəltməklə bərabər, bu yerlərdə hərbi qüdrətini də möhkəmlədəcək: “Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək”.

İşğaldan azad edilən ərazilər, o cümlədən Xocalı bundan sonra düşmənə gözdağı olan quruculuq və abadlıq məkanlarına çevriləcək: “O qədər gözəl təbiəti var ki, burada yaşamaq, yaratmaq hər bir insana xüsusi zövq verəcək. Siz də buna layiqsiniz. Siz otuz ildən çox müxtəlif yerlərdə yaşamısınız – kimi yataqxanada, kimi uşaq bağçasında, kimi qohumların evində, kimi də qəsəbədə. Bilirsiniz, mən işğal dövründə xocalılılarla dəfələrlə görüşmüşdüm, – Bakıda və digər yerlərdə qəsəbə salınmışdır, – deyirdim ki, gün gələcək sizinlə Xocalıda görüşəcəyik. Bax, bu gün də gəldi. Sizi təbrik edirəm. Sizə cansağlığı arzulayıram”.

Dövlətimizin başçısı və birinci xanım evlərin açarlarını sakinlərə təqdim ediblər. Xatirə şəkilləri çəkdirilib.

***

Qeyd edək ki, mayın 28-də 20 ailə yenidən qurulan Xocalıya qayıdıb. Mayın 30-da isə daha 24 ailə Xocalı şəhərinə köçüb. Onlara yeni evlərinin açarları təqdim olunub. Bununla Xocalıda 44 ailənin, 169 nəfərin daimi məskunlaşması təmin edilib.

Baş plana əsasən, növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 1290 hektara, əhali sayının isə 12 minə çatacağı proqnozlaşdırılır. Coğrafi mövqe və təbii zənginlik burada aktiv sosial həyat, təbiətlə təmasda keyfiyyətli yaşayış imkanlarını təmin edəcək.

Ağdam-Xankəndi-Şuşa marşrutu üzərində yerləşən Xocalı şəhəri regional mərkəz, strateji yaşayış məntəqəsi rolunu oynayacaq. Beynəlxalq hava limanının mövcudluğu, şəhər ətrafından keçəcək respublika əhəmiyyətli avtomobil və dəmir yolları Xocalını həm işgüzar, həm də turizm məqsədləri üçün rahat təyinat nöqtəsinə çevirəcək. Sənaye, təhsil və mədəniyyət mərkəzlərinə yaxınlığı, zəngin tarixi irsə malik olması isə şəhərin müxtəlif istiqamətlərdə inkişafına töhfə verəcək.

Qədim yaşayış məskəni olan Xocalı həm də zəngin tarixi irsi, dünya əhəmiyyətli arxeoloji abidələri ilə fərqlənir. İşğal dövründə ciddi zərər görmüş bu abidələrin qorunması məqsədilə Baş planla 50 hektardan çox ərazidə arxeoloji parkın yaradılması nəzərdə tutulur.

Bütün bununla bərabər qan yaddaşımızın Xocalı səhifəsi ədəbi olaraq tarixdə qalacaq. Xocalıda yaradılacaq memorial kompleks də bu tarixi yaşadacaq.

Xocalı sakinləri ilə görüşdə bu barədə danışan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, memorial kompleksin yaradılması ilə bağlı məsələlər uzun illər müzakirə edilib, hətta Bakıda “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı: “Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu memorial kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir”.