31 may – 3 iyun tarixlərində Bakıda və Şuşada “Rəqəmsal yaradıcı həftəsonu” (Digital Creative Weekend) layihəsi həyata keçirilir.
Layihə çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə genişmiqyaslı oyun festivalı – “Gamesummit 2024” təşkil ediləcək. Mayın 31-də “Baku Cristal Hall”da məşhur pop musiqiçisi Con Nyumanın açılış konserti ilə başlayacaq oyun sammiti 3500-dən çox kompüter oyunu həvəskarını, oyun tərtibatçısını və şirkətləri, icmaları, İT startapları, eləcə də müxtəlif dövlət qurumlarının nümayəndələrini bir araya gətirəcək.
Tədbir çərçivəsində aparıcı xarici və yerli ekspertlərin iştirakı ilə beynəlxalq biznes konfrans, yerli şirkətlər arasında ən yaxşı kompüter oyunu üzrə müsabiqə, həmçinin “Yaradıcı” brendi, rəqəmsal incəsənət, animasiya və digər sərgi pavilyonlarının yaradılması nəzərdə tutulub. Müxtəlif interaktiv əyləncələr – arkad maşınları, VR zonası və müstəqil yerli tərtibatçıların oyunlarının nümayişi də olacaq.
Oyun sammitində “e-Sports” kateqoriyası üzrə müxtəlif yarışmalar, “Cosplay” (xüsusi personajların həvəskarlar tərəfindən nümayiş etdirilməsi), “K-pop” (Koreya pop musiqisi) rəqsləri və musiqili çıxışlar, həmçinin “AzDimension” studiyası tərəfindən həmin günədək elan olunmamış oyunlar təqdim ediləcək.
“Gamesummit” oyun texnologiyası sahəsində ən son nailiyyətlərini nümayiş etdirmək, müstəqil oyun tərtibatçılarına istedadlarını üzə çıxartmaq və peşəkar oyunçularla əlaqə qurmaq üçün platforma rolunu oynayacaq.
İyunun 2-də “Baku Cristal Hall”da ICESCO-nun “A-Hub Akselerasiya Proqramı”nın 2023-cü il üzrə dünya finalı, iyunun 3-də isə “İslam dünyasının mədəniyyət paytaxtı” Şuşada mükafatlandırma mərasimi təşkil olunacaq.
Şuşada Beynəlxalq Sahibkarlar Forumu da keçiriləcək. “Startapların və gələcək inklüziv texnologiyaların önəmi”, “Sahibkarlıq vasitəsilə qadınların gücləndirilməsi: trendlər və çağırışlar” mövzularında müzakirələr aparılacaq.