Mayın 29-da Heydər Əliyev Sarayında “Göyçə aşıq məktəbi – dünən və bu gün” adlı konsert keçirilib. Konsert Qərbi Azərbaycan İcması və “Ulu Göyçə” şirkətinin təşkilatçılığı, “Dalğa” qrupunun rəhbəri, Göyçə aşıq məktəbinin davamçılarından olan  Çingiz Mehdipurun bədii rəhbərliyi ilə gerçəkləşib.

Konsertdən əvvəl qonaqlar foyedə Qərbi Azərbaycanın tarixi və mədəni irsini, 1987–91-ci illərdə Ermənistan SSR-dən deportasiya edilmiş soydaşlarımızın qaçqınlıq həyatını əks etdirən fotosərgi ilə tanış olublar. Sərgidə Göyçə mahalının Qaraqoyunlu kəndinin 3D formatında yığılmış maketi (müəllif Bəxtiyar Qəhrəmanov) də nümayiş olunub.

Tədbirdə Göyçə aşıq məktəbi, onun yetişdirdiyi görkəmli simalar, ustadlar barədə məlumat verilib. Ermənistanın uzun illər azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin UNESCO-da Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan aşıq sənətinin mühüm bir qolu olan Göyçə aşıq məktəbinə necə böyük zərbə vurduğu diqqətə çatdırılıb. Bildirilib ki, bununla belə, Göyçə aşıq məktəbinin davamçıları və təəssübkeşləri ozan-aşıq sənətinin minillik ənənələrini yaşadırlar.

Konsertdə aşıqlar Ramin Qarayev, Nazim Quliyev, Əli Zeynalabdinov, Xatirə Məmmədxanlı, Əfsanə Kərimova, Ayşən Mehdiyeva, Salar Mehdipur, Əli Novruzi, Çingiz Mehdipur, Nəbi Nağıyev, eləcə də Xalq artistləri – xanəndə Alim Qasımov, vokalçı Samir Cəfərov, Əməkdar artist Fərqanə Qasımova, xanəndə Mirələm Mirələmov və başqaları çıxış ediblər. Göyçə aşıq sənəti, Qərbi Azərbaycan saz havaları tamaşaçılara xoş təəssürat bəxş edib.