Azərbaycan Aşıqlar Birliyində (AAB) nəşrə hazırlanan “Aşıq dastanları” kitabının ilk cildi çapdan çıxıb.

AAB-nin katibi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, təqdim olunan dastanlar son illərdə ustad aşıqların repertuarından yazıya alınıb. Bu nəşrin əvvəlkilərdən fərqi ondadır ki, təqribən otuza yaxın dastanı əhatə edəcək antologiyada XXI əsrin ilk rübündə saz-söz aləmində xidmətləri olan Arif (Əlövsət) Əsgərov, Hüseyn Qoşqarlı, Məmməd Bozalqanlı, Ürfan Əli, Nəbi Nağıyev, Altay Məmmədli, Nazim Bahadıroğlu, Elbrus Hüseynov, Şöhrət Kərimov, Elməddin Məmmədli, Ağamurad Şirvanlı, Elman Talıstanlı, Babək Şakirli, Nizami Şirinov, Gəncəli Babayev, Vüqar Qurbanov, Şəhriyar Kərimov və başqa sənətkarların canlı ifasından yazıya alınaraq lüğət və şərhlərlə birlikdə oxuculara təqdim olunur.

Antologiyanın birinci cildində “Abbas və Gülgəz”, “Qurbani”, “Xəstə Qasım”, “Şahismayıl və Gülzar”, “Leyli və Məcnun”, “Vaqif”, “Aşıq Qərib”, “Tahir və Zöhrə” və “Yəhya bəy Dilqəm və Telli xanım” dastanları yer alıb.

Kitabın elmi redaktoru AAB-nin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar filologiya elmləri doktoru Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, redaktoru filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilovadır.