Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulmasına başlanılıb.

Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən xəbərə görə, hər iki kəndin baş planına əsasən, torpaq işləri başa çatdırılıb, evlərin bünövrəsi qazılıb və beton işləri görülür.

Mahruzlu kəndinin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Birinci mərhələdə 40,27 hektar ərazidə 190 evin tikilməsi planlaşdırılır. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman-sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, çayxana da nəzərdə tutulub.

Zilanlı kəndinin ümumi ərazisi 180,04 hektar təşkil edir. Birinci mərhələdə 43,5 hektar ərazidə 193 evin tikintisi nəzərdə tutulub. Bu kənddə də məktəb binası, uşaq bağçası, ailə-sağlamlıq mərkəzi, inzibati bina, klub-icma və idman mərkəzi yaradılacaq.